Əli Əliyev: “Milli Şura Azərbaycan siyasətinin faciəsidir”

19 Noyabr 2013 07:20 (UTC+04:00)
"Milli Şura yenidən "Kreml"in özünü müdafiə layihəsində rol ala bilər"

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin AzNews.az-a müsahibəsi:


- Müxalifətin seçkidə iştirak edən ən geniş ittifaqı Milli Şura oldu. Bu qurumun seçki dövrünü necə xarakterizə edərdiniz?


- Müxalifətin birliyi istiqamətində bir sıra addımlar atılsa da, bəzi partiyalar Rüstəm İbrahimbəyovun rəhbərliyi altında faktiki Rusiya layihəsində iştiraka qərar verdi. Bu açıq şəkildə ciddi siyasətçilər və tanınmış adamlar tərəfindən təsdiq olunan fakt oldu. Təəssüf doğuran o idi ki, Azərbaycanın SSRİ çevrəsinə qaytarılmasında Azərbaycanın dövlət müstəqilliyi qazanmasında iştirak etmiş adamlar rol aldılar. Təbii ki, bu Azərbaycan siyasətinin faciəsidir.

Bu hadisə göstərdi ki, təkamülə can atanlar, təkamülün qarşısı alınanda özlərinin ziddinə getdilər.

- Milli Şuranın mövcud vəziyyətini necə təhlil edərdiniz?


- Bu qurum "Milyarderlər ittifaqı" ilə təmasda olan, bu gün də Moskvada "oturan" və Milli Şuranın bəyannaməsində Azərbaycanın xarici siyasət kursunun qeyri-müəyyən saxlanılmasında ciddi şəkildə maraqlı olan Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə təşkil olunub. Bu təşkilatın daxilində olmasam da, Milli Şurada gedən proseslərdən məlumatlıyam.

Onu da deyim ki, Milli Şura nə İctimai Palata, nə "Azadlıq" blokundan fərqliliyə malik deyil. Sadəcə siyasi meydandan sıxışdırılan siyasətçilərin birliyidir. Doğrusu, hazırkı vəziyyətdə Milli Şuranı seçkilərdən sonra yaranmış İctimai Palatadan heç nəyi ilə fərqləndirə bilmirəm. Burada yalnız bir fərq var.

Bu da ondan ibarətdir ki, Milli Şura - seçki ərəfəsində Azərbaycanın suverenliyini məhdudlaşdırılması istiqamətdə aparılan layihədir.

- Seçkidən sonra Milli Şurada baş verənləri nəzərə alsaq, Rüstəm İbrahimbəyovun bu quruma təsir imkanlarını necə dəyərləndirmək olar?


- Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Abbas Abbasovla Türkiyə görüşləri haqda mətbuata sızan məlumatlar faktdırsa, Milli Şuranın perspektivi ilə bağlı vəziyyət aydın şəkildə görünür.

O ki, qaldı Rüstəm İbrahimbəyoun təsir imkanlarına, onu deyim ki, bu şəxs nominal olsa belə Milli Şuranın rəhbəridir. Milli Şuranın strukturunda dəyişikliklərin edilməsi haqqında ortaya çıxmış mülahizələr zamanı da qurumun daxildə Rüstəm İbrahimbəyovu müdafiə edən cərəyanın necə olması da üzə çıxdı.

Artıq onun istefaya göndərilməsindən söhbət gedə bilməz kimi təəsurat formalaşdırılıb. Görünür, Moskva əlaqələri kimlərsə siyasi mübarizədə lazım ola bilər. Ola bilər ki, onlar daha praktik yanaşaraq, hadisələri təhlil edərək, gələcəkdə Rüstəm İbrahimbəyovun bu prosesdə bir körpü olacağını düşünürlər.

İstisna etmirəm ki, Milli Şura yenidən "Kreml"in özünü müdafiə layihəsində yeni rol ala bilər.

- Prezident seçkisindən əvvəl müxalifətdə yer alan partiyaların, ictimai qurumların geniş formatlı birliyi haqda danışılsa da, bu baş tutmadı. Bu birliyin yaranmasının qarşısını alan məqamlar nə oldu?


- Bu, iki il ərzində həmin proseslərin iştirakçısı və şahidi olmuşam. Əvvəla onu deyim ki, mənim Milli Şura haqqında verdiyim bəyanatlar son yarım ilə təsadüf edir. Çünki Milli Şuranın təsis olunması təxminən aprel ayından başlayıb.

Fikirlərim isə dolayısı ilə Müsavat Partiyasının üzvü Hikmət Hacızadə, bu partiyanın başqanı İsa Qəmbər, tanınmış siyasətçi Pənah Hüseyn də səsləndirib. Hətta Pənah Hüseyn açıqlamasında demişdi ki, ilk dəfədir Azərbaycan müxalifəti müəllifi olmadığı layihədə iştirak etmək məcburiyyətində qalıb.

Müsavat Partiyası da həmin səbəblərə görə, bu məsələdə kifayət qədər ehtiyatlı və əndazəli mövqe nümayiş etdirdi. Bu təkcə mənim bəyanatımda yox, onların da davranışlarında hiss olunurdu. Seçki ərəfəsində və bu kampaniya dövründə də açıq görünürdü ki, Rusiya bu layihənin birbaşa müəllifidir.

SSRİ-ni yeni adla bərpa etmək istəyi üzərində qurulub. Onu da qeyd edim ki, bu ideyanın tarixi qədimlərə getsə də, hazırda Kremldə bu ideyanın ilhamvericisi professor Aleksandr Duqindir. Həmin şəxsin 1997-ci ildə yazdığı əsərdə Avrasiya İttifaqının nəzəri əsaslarına toxunaraq, bu qurumu Avrasiya İmperiyası adlandırdı. Bu Kremldə bəzi çevrələrin slavyandilli imperiya ambisiyalarından xəbər verən layihədir.

Bundan başqa Rusiyada azərbaycanlılara qarşı atılan addımlar rəsmi dairələrdən qaynaqlanır. Məqsəd də Azərbaycanı bu proseslərə qatmaqdır. Rusiya, dağılmasının qarşısı almaq üçün bu addımı atır. Mən heç vaxt istəməzdim ki, Azərbaycan siyasətçiləri bu prosesdə iştirak etsinlər. O ki, qaldı Azərbaycan müxalifətinin birliyinə, bu tədbirlərin iştirakçısı kimi öz qənaətimi bölüşmək istəyirəm.

Birincisi, bu niyyət bəzi müxalifət liderlərinin prosesi nəzarətində saxlamaq cəhdidir. Yəni onların məqsədi təkcə hakimiyyəti dəyişmək deyil. İqtidarın dəyişməsi fonunda növbəti dönəmdə kimin öndə olacağı məsələsini paralel həll etmək istəyidir. Müxalifət liderlərinin bəziləri şəxsi eqolarından imtina edə bilsələr, məncə müxalifətin bir araya gəlməsində elə bir problem olmaz.

Yeri gəlmişkən, onu da qeyd edim ki, müxtəlif dönəmlərdə üzdə olan adamların hamısı bu və ya digər formada hakimiyyətlə əlaqədə olublar. Məsələn, 2005-ci ildə sonuncu seçkidə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli 18 saylı Nərimanov-Nizami Dairə Seçki Komissiyasında mənimlə rəqib olub.

Məhz hakimiyyətin istəyi ilə bu adam parlamentin deputatı təyin edilib. Əlbəttə Cəmil Həsənlinin seçkidə göstərdiyi fədakarlığın üstünə kölgə salmaq istəmirəm. Ancaq bu nümunələri istənilən müxalifət liderləri haqqında deyə bilərəm.

- Bəs sizin partiyanın necə, belə təmasları olubmu?


- Müxalifətdə ən az hakimiyyətlə təması olan bir-iki qurum olubsa, biri də bizik. Hər zaman hakimiyyətin layihələrində yer almaqdan çəkinmişik, iqtidarın təyinatı ilə də heç bir postu tutmamışıq. Hakimiyyətlə əlaqəsi olmayan partiya varsa, deyərdim ki, birincisi bizik. Bu bağlılıq müxalifətin birliyinə maneçiliyin törədilməsində dolayısı problemdir. Ancaq bu həll oluna bilinəsi məsələdir.

Yetər ki, hakimiyyətin dəyişilməsi qarşıya qoyulsun. Çünki müxalifət bir araya gəlməsə, cəmiyyətdə olan çoxsaylı narazılar bu cərəyana qoşulmayacaqlar. Təcrübədə də göstərdi ki, nə Milli Şura, nə İctimai Palata layihəsi o hərəkatın prototipi ola bilmədi. Yəni cəmiyyətin geniş hissəsi o layihələrə dəstək vermədi. Kimin nə deməyindən, təqdimatından asılı olmayaraq. Burada problem subyektivdir.

Bu, eqodan irəli gələn problemdir. İkinci problem isə müxalifətin daxilində beşinci kalonun olmasıdır. Çəkinmədən deyirəm ki, hakimiyyət müxalifət partiyalarının bəzilərini süni surətdə gücləndirərək, onların infrastrukturunun dağıdılmasına mane olaraq, yaxud da onların bazasının dağıdılmasında maraqlı görünməyərək, lakin mətbu orqanlarını açıq və ya gizli şəkildə maliyyələşdirərək süni şəkildə beşinci kalonu müxalifət daxilində daha da güclü edir.

Həmin "güclü" partiyaların vasitəsilə hakimiyyətin nüfuzundan yararlanaraq, ayaqda qalan partiyalar konkret məqamda dağıdıcılıq, ayırmaq missiyası, müxtəlif intriqaları müxalifətin vahid düşərgədə birləşməsinə mane olur. Bu ikinci amildir. Burada üçüncü amil də var, bu beynəlxalq şərtlərdir. Beynəlxalq amil isə o zaman fəallaşacaq ki, hakimiyyəti dəyişməyə alternativ güc mərkəzi görsün. Bunu görmədikcə bu iqtidarın qalması xaosdan daha vacib görünür.

Burada birinci amil isə Azərbaycan ictimaiyyətinin mövqeyidir. Biz bu düşərgədə nailiyyətə nail ola bilmədiyimiz üçün beynəlxalq çevrələrdə müqavimət gücündə olmurlar. Onlar xaosun əvəzinə ölkədə sabitliyin olmasının tərəfdarı kimi görünürlər.


-Müxalifətin uğur qazanmaq yollarını nədə görürsünüz? -


Müxalifət yeni mərhələyə qədəm qoyub. Müşahidələr də göstərir ki, Azərbaycan müxalifəti 2015-ci il seçkilərinə hazırlaşmır.

Əgər müxalifət 2014-cü ilin birinci rübündə təşkilatlana, bu təşkilatlanma kampaniyasını seçki dönəminə gətirib çıxara bilərsə, Azərbaycan ətrafındakı beynəlxalq şərtlərin də dəyişməsi potensialı yüksəkdir.

- Seçkidən əvvəl birlik yaradılması istiqamətində addımlar atsanız da, yekunda fərdi fəaliyyətə üstünlük verdiniz. Bu gün də görünən budur...


- Əvvəlcə onu deyim ki, hakimiyyətə qarşı kimin necə olduğunu bilmək üçün addımların izləmək lazımdır. Qəzet məqalələrində yer alan yazılar, emosional fikirlər partiyanın hakimiyyətin siyasəti ilə bağlı mövqeyi kimi səciyyələndirilə bilməz. Ölkədə prezident seçkilərinə etiraz edən üç tərəf olub. Bunlardan biri Milli Şura, digəri Ədalət Partiyasının namizədi İlyas İsamayılovun ətrafında formalaşmış siyasi blok və Vətəndaş və İnkişaf Partiyasıdır.

Yəni bunlar seçkinin nəticələrini rəsmi olaraq tanımayan bu qurumlardır. Yerdə qalan qurumlar bu seçkini tanıyıblar. Vətəndaş və İnkişaf Partiyası 2008-ci il prezident seçkilərini tanımayan 5 tərəfdən biri olub, 2010-cu ildəki parlament seçkilərini də tanımamışıq. 2005-ci il parlament seçkilərinin keçirilməsi zamanı o seçkilərə etiraz edərək, o vaxtkı partiyamızın ikiyə bölünməsinə gətirib çıxarmış proseslərin iştirakçısı olmuşuq.

Mövcud hakimiyyətə qarşı siyasi, hüquqi mövqe sərgiləmək baxımından VİP qədər prinsipial mövqedə duran bir neçə siyasi təşkilat var. Onların sayı 3-4-dən artıq deyil. Biz hazırda proseslərin izlənilməsi mərhələsinə qədəm qoymuşuq. Prosesləri analiz etmək niyyətindəyik. Parlament seçkisinə hazırlıqla bağlı məsələlərin daxili müzakirəsinə start vermişik.

Təxminən dekabrın sonlarına qədər partiya özünün növbəti mərhələdəki addımlarını dəyərləndirəcək. Hazırda bizim 3 formatda siyasi proseslərdə iştirakımızla bağlı təkliflər var. Onların dəyərləndirilməsi ilə məşğuluq. Bu təkliflərin hansını seçəcəyimiz, yaxud da təkbaşına fəaliyyətə üstünlük verəcəyimizlə bağlı qərarımız olacaq. Növbəti ilin yanvarın əvvəllərindən mövqeyimiz bilinəcək.

- Perspektivdə yeni birlik ideyası varmı?


- Əlbəttə, belə bir fikir var. Biz blok yaradılması zamanı müddətsiz strateji münasibətlər sisteminin formalaşmasında maraqlıyıq. Əgər biz hansısa birliyin yaradılmasında iştirak edəcəyiksə, həmin blok böyük ehtimalla parlament seçkilərində birgə iştirakı nəzərdə tutacaq.


Ramil
AzNews.az