Tərlan Əhmədov:"Bunu bacaracağımıza inanırıq"

7 Avqust 2012 18:54 (UTC+04:00)

"Neftçi"nin məşqçisi Tərlan Əhmədov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu "Hapoel"ə (Kiryat Şmona) qarşı keçirəcəkləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib: "Ümid sonda ölür. Onlar bizə dörd qol vurmuşdular. İndi isə biz bunu etməyə çalışacağıq. Bunu bacaracağımıza inanırıq. İlk oyundan sonra rəqibi də yaxşı tanıyırıq. "Neftçi"nin qələbə üçün kifayət qədər gücü var".
Transferə çıxarılan Rail Məlikov, İqor Mitreski və Rauf Mehdiyevə gəlincə, "ağ-qaralar"ın çalışdırıcısı bunun hansısa problem yaratmayacağını düşünür: "Düzdü, komandadan gedən futbolçuların hər biri Azərbaycanda ən yaxşılardan hesab olunurlar. Amma bizdə yeni nəsil yetişir. Gedənləri onlar əvəzləyəcək. Daha konkret desək, Məlikovun yerinə Emin Mehdiyev, Mitreskinin yetində isə Saşa Yunisoğlu oynayacaq".
Əhmədovun sözlərinə görə, "Neftçi" bu dəfə ilk oyundakı kimi oynamayacaq: "Oyundan sonra futbolçularımızın səhvlərini onlara göstərmişəm. Onların hamısı İsraildəkindən daha yaxşı oynamalıdılar".
"Neftçi"nin məşqçisi etiraf edib ki, ilk oyunda qapını Mehdiyevə tapşırmaqla səhvə yol veriblər: "Bu, bizim səhvimiz idi. Amma bu dəfə həmin uğursuzluğu unutdurmaq istəyirik. Qapıda Saşa Stamenkoviç duracaq".
Rodriqinyonun hələ də tam hazır olmadığını və bu oyunda iştirak etməyəcini deyən Əhmədov sonda Avropa Liqasına düşəcəkləri halda, pley-offda daha çətin rəqiblə qarşılaşmağın mümkünlüyündən də danışıb: "Başa düşürük ki, daha çətin rəqiblə qarşılaşa bilərik. Amma biz İsraildə buraxdığımız səhvləri bir daha təkrarlamasaq, istənilən rəqibə qarşı oynaya bilərik".

AzNews.az