Baş redaktor MTN- ə müraciət edəcək

18 Noyabr 2013 18:19 (UTC+04:00)
"Biz artıq MTN-ə, DİN-ə haker hücumları ilə bağlı müraciət hazırlamışıq və sabah onları aidiyyəti üzrə göndərəcəyik".

Bu sözləri "Axar.az" saytının baş redaktoru Anar Niftəliyev əməkdaşımızın saytın fəaliyyətində yaranan fasilələrin hansı səbəbdən baş verməsiylə bağlı sualını cavablandırarkən deyib.
Baş redaktor saytın dayanmasını kütləvi haker hücumuyla izah etdiyini deyib:
""Axar.az"ın onlayn olmasından bu yana ötən təxminən 20 gün müddətində sayta demək olar ki, hər gün belə hücumlar təşkil edilib. Hücumlar hər gün saat dörddən başlayır və hardasa 6 radələrində öz pik həddinə çatır. Biz də saytın fəaliyyətini dondurmağa məcbur oluruq. Bu günə kimi yeni fəaliyyətə başlayan sayt artıq üç dəfə server dəyişmək zorunda qalıb. Sonuncu dəfə hətta Almaniyadakı serverimizdən bizə rəsmi məktub daxil oldu, hücumların kütləviliyi əsas gətirilərək müqaviləmiz birtərəfli qaydada pozuldu. Bu haqda mətbuata məlumat vermişdik. İndi yeni və daha güclü serverdəyik, ancaq görünür bu hücumlar xüsusi qərəz və məqsəd daşıyır. Bu, nə rəqabət məsələsidi, nə əxlaq, nə vicdan. Bunun bir adı var – alçaqlıq. Ona görə də ölkənin təhlükəsizlik orqanlarına müraciət hazırlamışıq və sabah bu müraciətləri ünvanlarına göndərəcəyik. Mütəxəssislər haker hücumu təşkil edənlərin kimliyini müəyyənləşdirməyə çalışırlar, buna da bacaracaqlar. Ondan sonra bu kiber canilər cavab verməli olacaqlar.
Qısa zamanda qazandığımız oxucularımızdan üzr istəyir və tezliklə bu problemin aradan qalxacağına inandığımızı bildiririk".


AZNews.az