Soydaşımız Gürcüstan hökumətini idarə edənlərdən oldu

7 Avqust 2012 21:55 (UTC+04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Hüseyn Yusif oğlu Yusubov Gürcüstanın energetika nazirinin müavini vəzifəsinə təyin edilib.

Hüseyn Yusubov 1964-cü ilin aprel ayında Borçalının Böyük Muğanlı kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. İxtisasca alim-zootexnikdir. Bir müddət ixtisası üzrə çalışdıqdan sonra Kürdlər kənd sovetinin sədri, sonra Marneuli rayon bələdiyyəsinin sədri vəzifələrinə seçilib. Hüseyn Yusubov nazir müavini təyin olunmamışdan əvvəl azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli (Borçalı) bölgə qubernatorunun müavini vəzifəsində işləyib.

Hüseyn Yusubov eyni zamanda Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, Gürcüstan Beynəlxalq Əlaqələr və Gürcüstan Biznes və Hüquq universitetlərinin Fəxri Doktorudur.

Ailəlidir. İki oğlu var.

Qeyd edək ki, Gürcüstanın baş naziri Vano Merabişvili bu gün Hüseyn Yusubovu qəbul edib. Söhbət zamanı baş nazir azərbaycanlının nazir müavini vəzifəsinə təyin edilməsini mühüm hadisə adlandırıb.

Bu gün Gürcüstan energetika naziri Aleksandr Xetaquri də yeni təyin olunan azərbaycanlı nazir müavini Hüseyn Yusubovu energetika nazirliyinin əməkdaşlarına təqdim edib.