Fərhad Əliyev müalicə olunur

19 Noyabr 2013 08:57 (UTC+04:00)
Prezidentin son əfv fərmanı ilə azadlığa çıxan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev hazırda Bakıda səhhətindəki müəyyən problemlərlə əlaqədar müayinə və müalicə olunur.

Bu barədə "Yeni Müsavat"a eks-nazirin yaxınlarından biri məlumat verib.

F.Əliyevin səhhətində konkret hansı problemlərin olduğu barədə açıqlama verilməsə də, bildirildi ki, 8 illik həbs həyatı onun sağlıq durumunda müəyyən təsirlərini göstərib və hərtərəfli müayinəyə zərurət yaranıb. Xatırladaq ki, həbsdə olduğu müddətdə sabiq nazirin ürək ağrılarından əziyyət çəkdiyi deyilirdi.

F.Əliyevin bundan sonrakı planları barədə məlumatsız olduqlarını deyən yaxınları onun elmi fəaliyyətlə məşğul olacağı, Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərəcəyi barədə xəbərləri də təəccüblə qarşılayaraq, bu barədə hər hansı bilgiyə malik olmadıqlarını dedilər.

Xatırladaq ki, mətbuatda yayılan məlumatlarda F. Əliyevin həbs edildikdən sonra əlində qalan biznesinin idarəçiliyi ilə paralel olaraq Dövlət İqtisad Universitetində müəllim kimi çalışacağı iddia olunurdu. Xəbərdə deyilirdi ki, bu barədə artıq eks-nazirin özünə təklif irəli sürülüb və F.Əliyev də bununla razılaşıb.

AzNews.az