Gənclər Müsavat rəhbərliyini saxtakarlıqda ittiham etdi - Açıqlama

19 Noyabr 2013 10:53 (UTC+04:00)
"Müsavat Partiyası Gənclər Təşkilatının sədri postuna keçirilən seçkinin nəticəsi ilə razıyam demək bir az çətindi, çünki biz haqsızlığa qarsı meydanlarda mübarizə aparan bir gəncliyik. Bu gəncliyin güc mərkəzi olan Müsavat Partiyası Gənclər Təşkilatının sədri də meydandan gələn bir gənc olmalı idi. Amma "çoxluğun" seçimi ilə razılaşmağa borcluyuq".

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası Gənclər Təşkilatının sədrliyinə namizəd Nurlan Əliyev deyib. N.Əliyev bildirib ki, xırda pozuntuları çıxmaq şərti ilə seçki demokratik keçirilib: "Sadəcə seçkiyə partiya rəhbərliyinin birbaşa nəzarətini normal qarşılamıram. Bəzi nüanslar var ki, qarşı tərəfin etirazına səbəb olub və mən bunları haqlı narazılıq hesab edirəm. Əgər söhbət Gənclər Təşkilatının sədrliyinə keçirilən seçkidən gedirsə, bu seçkinin partiya rəhbərliyinin nəzarətində keçirilməsi heç də normal hal deyil. Bu da haqlı olaraq, kənardan Müsavat Gənclər Təşkilatı sədrini partiya rəhbərliyinin tapşırığı ilə təyin olunması görüntüsü yaradır".

Xatırladaq ki, avqustun 26-da Müsavat Partiyası Gənclər Təşkilatının sədrliyinə keçirilən seçkilərin nəticəsi partiyanın Divanı tərəfindən ləğv olunub. Səbəb isə seçkilərdə müəyyən texniki səhvlər baş verməsi, səsvermə siyahısında müəyyən qarışıqlıqların olması göstərilib. Bu seçkidə Cavid Hacıbəyli qalib gəlmişdi. Noyabrın 17-ə keçirilən növbəti seçkilərdə isə partiyanın Gənclər Təşkilatının sədri vəzifəsinə Əhliman Abbas qalib gəlib. Nurlan Əliyev isə bu seçkidə namizədliyini digər namizəd Rüfət Hacıbəylinin xeyrinə geri çəkmişdi.

Elvin
AzNews.az