Yazıçı dramaturq Firuz Mustafa nəşriyyatlardan təklif gözləyir

19 Noyabr 2013 11:20 (UTC+04:00)
Yazıçı-dramatuq Firuz Mustafa yeni roman yazıb.

AzNews.az-a bu barədə məlumat verən Firuz Mustafanın yeni romanı "Cənnət çiçəyi" adlanır:

"Gərgin süjetə malik əsərin qəhrəmanı Cavad Əmirxanlı vicdanlı insan və istedadlı bir alim kimi ətrafında baş verən haqsızlıqlarla razılaşa bilmir, ağır psixi sarsıntılar keçirir və nəticədə, üzləşdiyi real situasiyadan baş çıxara biməyərək virtual-sürreal bir aləmə çəkilməyi qərara alır.

Amma öz fantaziya və təsəvvüründə yaratdığı dünyada da onu itki və faciələr təqib edir. Cavad Əmirxanlının "əbədi ömür" barədə irəli sürdüyü elmi layihə müasirləri tərəfindən birmənalı və ciddi qəbul olunmur. Çoxları onun ağlının çaşdığını zənn edir.

"Cənnət çiçəyi"nin qəhrəmanı isə sonacan öz ideyaları və idealları uğrunda mübarizə aparmaq qərarında israrlıdır. Əsərdə təkcə nəsrin deyil, digər ədəbi janrların imkanlarından da istifadə edilmiş, yeri gəldikcə poetik və dramatik nüanslara, habelə roman qəhrəmanının apardığı elmi araşdırmaya geniş yer verilib".

F.Mustafa deyir ki, hazırda əsərin rus dilinə tərcüməsi gedir. Müəllif əsəri oxuculara iki dildə təqdim etmək istəyir. Firuz Mustafa yeni romanının nəşri üçün nəşriyyatlardan təklif gözləyir: "Əsərin həmişə müəllifin öz hesabına çap olunması praktikasına son qoyulmalıdır".

Bahar Rüstəmli
AzNews.az