Musa Qasımlı: “Suriyada böyük dövlətlərin maraqları toqquşur”

8 Avqust 2012 07:53 (UTC+04:00)


Türkiyənin Suriya siyasəti bu ölkəni İranın hədəfinə çevirib. Belə ki, zaman-zaman İranın dövlət rəsmiləri tərəfindən kəskin tənqid olunan Türkiyəyə bu dəfə ittiham İslam inqilabı keşikçiləri korpusunun komandanı Həsən Firuzabadidən gəlib. Təmsil etdiyi korpusun rəsmi saytına müsahibəsində o bildirib ki, Suriyadan sonra növbə Türkiyəyə gələcək.
"Bundan əvvəl Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jrinovski də buna bənzər fikirlər söyləyib. Onun sözlərinə görə, Suriyadakı proseslər başa çatdıqdan sonra Türkiyədə məsələləri qızışdırmağa çalışacaqlar, PKK-nın fəaliyyəti aktivləşəcək". Bunu AzNews.az-a millət vəkili, professor Musa Qasımlı deyib. M.Qasımlı bildirib ki, "Orta Şərq layihəsi" deyilən bir layihə var və orada bu məsələlərlə bağlı müəyyən məqamlar yer alıb: "Ancaq məsələnin başqa bir tərəfi var ki, o da nəzərdən qaçırılmamalıdır. Öz xalqına qarşı qətliamlara yol verən, zülm edən bir rejimlə, demokratik bir rejim əməkdaşlıq edə bilərmi? Bəşər Əsədin sonunun necə olacağı və ondan sonrakı proseslərin nə ilə nəticələnəcəyi barədə qabaqcadan nəsə demək mümkün deyil.
Ona görə ki, Suriyada bir çox böyük dövlətlərin maraqları toqquşur". Soyuq müharibə dövründə SSRİ imperiyasının və qonşu İranın Suriyada öz maraqlarını güddüklərini vurğulayan millət vəkili qeyd edib ki, bu gün də adıçəkilən hər iki dövlət Suriyada Bəşər Əsəd rejiminin və hakimiyyətinin devrilməsində maraqlı deyillər: "Hesab edirəm ki, hər hansı bir normal ölkə mülki əhalinin qırılmasına biganə qala bilməz. Bu mənada Türkiyənin addımları başadüşüləndir".

Gültən
AzNews.az