Mübariz İbrahimovun xatirəsinə həsr olunan turnir- Qazaxda

19 Noyabr 2013 15:01 (UTC+04:00)
Noyabrın 20-27-də mini-futbol üzrə açıq Qazax rayon turniri keçiriləcək. Qazax rayonunda təşkil ediləcək turnir Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunub. "Qəhrəmanlar unudulmur" devizi altında Turnir Qazax Olimpiya İdman Kompleksində baş tutacaq.

AzNews.az xəbər verir ki, turnirin əsas təşkilatçısı "İnter Sekyuriti" MMC-dir. Turnirin digər təşkilatçıları "Qazax Olimpik" MMC, Qazax rayon Gənclər və İdman İdarəsi və "Gəncliyin təşəbbüsü" MİB-dir.

Xatırladaq ki, Milli qəhrəman Mübariz İbrahimovun hərbi xidməti başa vurduqdan sonra 2009-cu ilədək müddətdə iş yeri olan "İnter Sekyuriti" MMC hər il Mübariz İbrahimovun xatirəsinin yad edilməsi üçün bir sıra tədbirlər təşkil edir.

Turnirin əsas məqsədi gənclərə sağlam həyat tərzinin təbliği, asudə vaxtların səmərəli istifadə edilməsinin təşkili, milli-mənəvi dəyərlərimizin aşılanması, onların vətənpərvər ruhda böyümələrinə dəstək olmaq və rayonda mini futbol idman növünün inkişaf etməsinə nail olmaqdır.

Turnirdə 18 komanda iştirak edir. Yekunda fərqlənən komandalara kubok, medal, diplom, müxtəlif hədiyyələr və pul mükafatı veriləcək.

AzNews.az