ATƏT-in sədri:“Bu cür danışıqlar sülh və sabitliyin təminatına xidmət edir”

19 Noyabr 2013 22:05 (UTC+04:00)
"Azərbaycan və Ermənistan arasındayüksək səviyyədə dialoq tərəflər arasında etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə tövhə verəcək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə müsbət stimul verəcək".

APA-nın məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair verdiyi bəyanatında bildirilir.

"Biz hesab edirik ki, bu cür danışıqlar sülhə və sabitliyə zəmanət verir və regional əməkdaşlıq üçün yeni imkanlar açır", deyə Kojara qeyd edib.

Bəyanatda həmçinin qeyd olunub ki, Ukrayna ATƏT-nin sədri olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın "Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında tam nizamlanmasına yönəlmiş müntəzəm dialoqun qurulması üzrə səylərini dəstəkləməyə hazırdır".

Xatırladaq ki, bu gün Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilib. İki ölkənin prezidentləri təxminən iki illik fasilədən sonra bir araya gəliblər.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü ilə bağlı bəyanat yayıblar. Bəyanatda deyilir ki, prezidentlər məsələnin sülh yolu ilə nizamlanmasına yönələn danışıqlara impuls vermək barədə razılığa gəliblər və nazirlərə tapşırıq veriblər ki, həmsədrlərlə birlikdə daha əvvəl görülən işlərin əsasında sülh prosesini intensivləşdirmək üçün çalışmağa davam etsinlər. Onlar qarşıdakı aylarda yenidən görüşmək barədə razılığa gəliblər.

AzNews.az