Ata qızının sevgilisini qətlə yetirdi- Oğuzda

20 Noyabr 2013 10:12 (UTC+04:00)
Ötən gün Oğuz rayonunda baş verən ağır cinayətlə bağlı bəzi məqamlara aydınlıq gətirilib.

Oğuz rayon prokurorunun köməkçisi Ruslan Ağayevin anspress-ə verdiyi məlumata görə, Muxas kənd sakini 1958-ci il təvəllüdlü Binyamin Məmmədalı oğlu Yusifov həmkəndlisi 1987-ci il təvəllüdlü Rüfət Eynulla oğlu Salamovu ov tüfəngindən güllələyib.

Güllə Rüfət Salamovun çiynindən dəyib. Güllə yaxın məsafədən açıldığı üçün öldürücü olub. Hüquq mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində 55 yaşlı kişi yaxalanıb.

Saxlanılan şəxs rayon prokurorluğuna verdiyi ilkin ifadədə bildirib ki, hadisəni qısqanclıq zəmnində törədib. Belə ki, Rüfət Salamov ilə Binyamin Yusifovun qızı arasında sevgi münasibət olub. Bu səbəbdən də Binyamin Rüfəti güllələyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az