“Vəzifələrini əldən vermək istəmirlər” – Aydın Mirzəzadə

20 Noyabr 2013 15:37 (UTC+04:00)
"Eyni adamların müxalifət partiyalarını monopoliyaya alması gənclərin, ziyalıların bu quruma gəlməsinə böyük bir əngəl yaradır".


Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Müxalifət düşərgəsində yenilənmə imkanlarını şərh edən A.Mirzəzadə deyib ki, ənənəvi müxalifətin yenilənməsi həmin təşkilatın üzvlərinin istəklərindən asılıdır və bunu əvvəlcə onlar etməlidir: "Bu gün birmənalı şəkildə demək olar ki, müxalifət bu məsələləri ya edə bilmir, ya da etmək marağında deyil. Partiya rəhbərləri daha çox öz şəxsi maraqlarını düşünürlər".

A.Mirzəzadə qeyd edib ki, nə prezident seçkisində, nə də ondan əvvəl müxalifətin Azərbaycanın problemləri ilə bağlı mükəmməl proqram və təklifləri olmayıb:

"Bu gün müxalifət partiyalarının əksərində yeniləşmə yoxdur, yeni simalar görünmür. Öz sıralarında olan gənclərin isə siyasi təcrübəsi yoxdur. 20 il əvvəl partiyalarda hakimiyyətə gələn şəxslər, indi də vəzifələrini əldən vermək istəmirlər. Əlbəttə, nə cür hərəkət etmələri onların öz seçimidir. Fakt ondan ibarətdir ki, cəmiyyət müxalifət təşkilatlarının fəaliyyəti və onun liderlərinin nüfuzuna əsasən öz seçimini edir. Hər şey göz qabağındadır".

YAP fəalı onu da bildirib ki, müxalifətin kadr məsələsində ciddi problemləri mövcuddur.

Məhəmməd
AzNews.az