Rusiyalı politoloq: “Müharibə olmayacaq”

20 Noyabr 2013 16:30 (UTC+04:00)
"Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dialoqlar bundan sonra da davam etdiriləcək".


Bunu APA-ya açıqlamasında Rusiyanın tanınmış politoloqu, Moskva Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko Azərbaycan və Ermənistan prezidentlərinin dünən Vyanada keçirilən görüşünü şərh edərkən deyib.

Politoloqun fikrincə, nə Azərbaycan, nə də Ermənistan cəmiyyəti müharibəyə hazırdır: "Suriyada bitməyən müharibə bir daha sübut edir ki, indiki müharibələrin sonu görünmür, onların qalibi yoxdur. Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq.

"5+2" - əvvəlcə işğal altında olan 5, daha sonra 2 rayonun Azərbaycana qaytarılması formulunun ortaya atılması da dialoqun ömrünü uzatmağa xidmət edir. Bu o deməkdir ki, danışıqların nəticə verəcəyinə hələ də ümid var".

Rusiyanın Gömrük İttifaqına daxil olmaları üçün MDB ölkələrinə təzyiq göstərməsini şərh edən A. Malaşenko bildirib ki, Avrasiya İttifaqı və Gömrük İttifaqı ideyaları Vladimir Putinə məxsusdur:

"Rusiya prezidenti bu ideyaları həyata keçirməklə, Rusiyanı prestijli hegemon dövlətə çevirmək istəyir. Rəsmi Moskva üçün MDB-dən başqa, ikinci məkan yoxdur ki, orda Rusiyanı qüdrətli regional dövlət hesab etsinlər.

Odur ki, Rusiya bu təşkilatın üzvlərinin sayını artırmağa çalışır, amma bu təşkilatlara üzv olan dövlətlər də ilk növbədə öz milli maraqlarını nəzərə alıb daxil olmaq haqqında qərar verirlər. Digər tərəfdən bura daxil olan ölkələr özlərini Rusiyanın qanadı altında hiss edəcəklər".

AzNews.az