Prezident fərman imzaladı

20 Noyabr 2013 18:34 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
APA-nın xəbərinə görə, fərmana əsasən Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılacaq.

"Fərdi elektron pəncərə" qeyri-hökumət təşkilatlarının aidiyyəti dövlət orqanı ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin edən informasiya sistemidir.

"Fərdi elektron pəncərə" elektron məlumat sistemi:

- Sistemdə qeydiyyatdan keçmiş hər bir qeyri-hökumət təşkilatının yalnız özünün daxil ola bildiyi və elektron xidmətlərdən istifadə etdiyi "fərdi elektron kabinet"inin yaradılması;

- Qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı məlumatların, müraciətlərin, arayış və hesabatların elektron formada qəbulu və cavablandırılması;

- Qrantların ayrılması və verilməsi ilə bağlı qanunla müəyyən edilmiş sənədlərin elektron qeydə alınması;

- Sistemə verilən tapşırıqlar əsasında sənədlərin avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması;

- Məlumatların, sənədlərin sistemləşdirilmiş şəkildə saxlanılması və digər funksiyalara malik xüsusi proqram təminatı ilə təchiz edilməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin yaradılmasını və fəaliyyətini təmin edəcək, sistemdən istifadə qaydaları barədə inzibati reqlamenti müəyyənləşdirəcək, sistemə daxil ediləcək məlumatların və məlumatları təqdim etməli olan qurumların siyahısını təsdiqləyəcək.


AzNews.az