Putindən yeni təklif
20 Noyabr 2013 20:58 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqının gələcəkdə ortaq Parlamentinin yaradılmasının mümkünlüyü ilə bağlı fikirlər səsləndirib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, prezident qarşısında dövlətlərarası parlamentin yaradılması ilə bağlı təkliflə Rusiya Pensiyaçılarının Ədalətə Çağırış Partiyasının sədri İqor Zotov çıxış edib.
Zotovun sözlərinə görə o, artıq Belarusiya, Qazaxıstan və Ermənistanda bəzi partiya rəhbərləri ilə bununla bağlı danışıqlar aparıb. Partiyalar bununla bağlı müqaviləyə imza atmağa hazır olduqlarını bildiriblər.
Putin öz növbəsində bildirib ki, bu təklifi düzgün sayır və bunu 2015-ci ildə yaradılması planlaşdırılan Avrasiya İttifaqındakı tərəfdaşları ilə də müzakirə etməlidir: "Biz də Avrasiya İttifaqı parlamentinin yaradılması təklifini dəstəkləyirik. Amma bununla bağlı öz tərəfdaşlarımızla danışıqlar aparmalıyıq. Burada heç də hamı yekdil deyil. Biz hələ bu səviyyəyə çatmamışıq və bu yararsiz bir şey olacaq".
Bundan əlavə, Putin qeyd edib ki, o bu ideyanı düzgün sayır və məsələnin dəqiqliklə, tərəfdaş ölkələrin razılığı ilə həll ediləcəyinə inanır.
AzNews.az