“Yay Liderlik Məktəbi”nin komandaları hazırdı

8 Avqust 2012 09:50 (UTC+04:00)


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun 9-dan etibarən bir həftə ərzində Şəki şəhərinin "Cənnət bağı" istirahət kompleksində "Yay Liderlik Məktəbi" layihəsini reallaşdıracaq. Qurumun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu gün sayca 5-ci "Xəmsə" -"Yay Liderlik Məktəbi"nin hazırlıq prosesi yekunlaşır. Artıq layihənin iştirakçıları və onların qalibiyyət uğrunda hansı komandalarda mübarizə aparacaqları məlumdur. Qeyd edək ki, "Yay Liderlik Məktəbi"nin komandaları dahi şairimiz Nizami Gəncəvinin "Xəmsə"sini təşkil edən əsərlərinin adlarını ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") daşıyırlar. Hazırda komandalar öz adlarına uyğun təqdimatlar hazırlayır. Və gənclərin səsverməsinə əsasən "Yay Liderlik Məktəbi"nin rəsmi şüarı da artıq seçilib. Şüar isə belədir : "Lider olduğunu sübut et!"
Onu da qeyd edək ki, layihə çərçivəsində gənclərə "Layihələrin yazılması və idarə olunması", "Liderlik və təşkilatı quruculuq", "Komanda işinin təşkili" və "Ünsiyyət bacarıqları" mövzularında sadalanan 4 sahənin mütəxəssisləri tərəfindən təlimlər təşkil olunacaq. Xatırladaq ki, 2010-cu ildən eitbarən reallaşdırılan "Liderlik Məktəbi" layihəsində bu günə qədər 500-dən çox gənc iştirak edib. Bu dəfə düşərgənin rəsmi açılışını gənclər və idman nazirinin müavini İntiqam Babayev edəcək. Digər qonaqlardan isə Prezident yanında strateji araşdırmalar mərkəzinin direktoru Fərhad Məmmədov, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, BMT-nin narkomaniyaya qarşı mübarizə şöbəsinin nümayəndəsi Məzahir Əfəndiyev olacaq.

Mirvari Nəcəf
AzNews.az