Nazir: “Dövlət hər adamın məhsulunu gedib qapıdan almır”

21 Noyabr 2013 09:56 (UTC+04:00)


"Torpaqların əkilib-becərilməsində problemlər yoxdur. Sadəcə olaraq müəyyən qədər texnika çatışmazlığı var ki, bunun həlli istiqamətində işlər aparılır".

Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Publika.Az –a eksklüziv açıqlamasında deyib. Nazir bildirib ki, texnika probleminin həlli üçün artıq gündə ən azı 6-8 traktor verilir:

"Bununla bağlı təlabatı yaxın zamanlarda ödəyəcəyik. Taxıl biçimi üçün kombayna olan tələbatı ödəmək üçün cənab Prezident ehtiyat fonundan 15,5 milyon manat vəsait ayırıb. Bundan başqa, Yaponiyanın qrantı hesabına 25 kombayn da almağı planlaşdırırıq. Yaxın zamanlarda başqa tədbirlərimiz olacaq. Problemlərin həlli üçün digər maliyyə mexanizmlərini də tətbiq edəcəyik".

H. Əsədov qeyd edib ki, növbəti ildə belə problemlərin yaranmaması üçün bütün qüvvə ilə çalışacaqlar. Nazir kəndlinin öz məhsulu istehsal edib sata bilməməsi probleminə də toxunub. Onun sözlərinə görə, məhsulu istehsal edən adam onu satmaq üçün bazarı da əvvəlcədən bilməlidir.

"Hesab edirəm ki, yanaşma da bir qədər dəyişməlidir. Dövlət hər adamın məhsulunu gedib qapıdan almır. Məhsulu istehsal edən onun bazarını da bilməlidir. Dövlət də öz tərəfindən stimullaşdırıcı tədbirlər görür"-deyə nazir diqqətə çatdırıb.

H. Əsədov vurğulayıb ki, kənd təsərrüfatının inkişafı üçün gələcək planlarında qlobal tədbirlər nəzərdə tutulub.

AzNews.az