Mətbuat katibi İlhamə Quliyeva ilə barışmasından danışdı

22 Noyabr 2013 11:19 (UTC+04:00)
"Bu həyatda hər bir insanın səhvi olur, amma bizim komanda şəklində heç vaxt səhvimiz olmayıb. Sadəcə böyük sənətkar İlhamə xanımla bizim aramızı vurmaq üçün bir ssenari yazıldı..."

Bunu AzNews.az-a Xalq artisti İlhamə Quliyevanın bir müddət əvvəl yolunu ayırıb dünənə isə yenidən barışdığı mətbuat katibi Faiq Ələkbərli deyib.

Onun sözlərinə görə, bu ssenarinin müəlliflərini də hər kəs yaxşı tanıyır: "Amma ssenari ekranda görünsə də, reytinq vermədi. Hətta uğursuz serialın çəkilişləri yarımçıq qaldı. Serialın davamlı olması üçün gərək tamaşaçı sevgisi olsun.

Təəssüf ki, yazılan bu ssenari müəlliflərinə uğur gətirmədi. Unutmayın ki, mən 10 ildir ki, İlhamə xanımın yanındayam və biz artıq doğmalaşmışıq. Duz-çörək kəsmişik. Lütfən, bizim aramızı vurmağa çalışmayın. Ət dırnaqdan ayrılmaz. Bu sizdə alınmayacaq. Artıq bu həyatda yaxşını pisdən ayrımaq, dostu, düşməni tanımaq olur. Sözlərimin məni müvəqqəti əvəz edən Tahirə xanıma heç bir aidiyyatı yoxdur. Həmişə ona böyük hörmətim olub və olacaq da...

Fikrimcə, o, məni sevən insanlardan biridir. Azərbaycanda prodüsser kəlməsi işlədiləndə ilk növbədə Tolikin (Tarix Əliyev) adı hallanır. Toliki kimsə əvəz edə bilər? Heç vaxt! İşini bilən və peşəkar komandanın üzvüdür. Onu da deyim ki, İlhamə xanımla bizi – Toliki, Ülvi Qılıncı və məni respublikanın Əməkdar artisti Cavanşir Məmmədov barışdırdı. Arada olan söz- söhbətlər bizim dostluğumuzu daha da möhkəmləndirdi".

Bahar
AzNews.az