Parlamentdə mübahisə: Millət vəkilləri “soz yarışı“na çıxdı
22 Noyabr 2013 12:49 (UTC+04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci vitse-spiker Ziyafət Əsgərovla deputat Qüdrət Həsənquliyev arasında mübahisə yaranıb.
AzNews.az-ın xəbərinə görə, buna səbəb deputatın Ədliyyə Nazirliyini tənqid etməsi olub.
Millət vəkili "Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihələri barədə danışarkən sözügedən nazirliyin rəhbərliyinin ünvanına tənqidi fikirlər səsləndirib.
Q. Həsənquliyev deyib ki, ilk öncə ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edir, onları ədalətli olmağa, qanunlara əməl etməyə çağırıram:
"Qeyd etmək istəyirəm ki, ictimai təşkilatların qeydiyyat məsələsində problem var. Hamıya cavab yazırlar ki təşkilatın adı onun məzmunu ilə bağlı deyil. Həmçinin belə xəbərlər yayılır ki, dövlətdə hansısa nüfuzlu şəxslər qarantiya verməlidir ki, səni qeydə alsınlar. Bu, Azərbaycanı nüfuzdan salan haldır. Mən özüm hörmətli nazir Fikrət Məmmədov Milli Məclisdə olarkən də Ədliyyə Nazirliyinin QHT-lərə verdiyi cavab məktublarından birini oxudum. Aqil Abbasın dediyi kimi, əgər xüsusi xidmət orqanları buna zəmanət verməlidirsə, onda qanuna belə bir müddəa salınmalıdır. Ədliyyə Nazirliyində vəziyyət bərbaddır. Məhkəmə qərarlarının icra məsələsi də burada dəfələrlə müzakirə edilib. Nazir müavinləri də işə müdaxilə edə bilmirlər. Ya nazir özü tapşırmalıdır, ya da tərəflərdən kimsə çox pul versə, məsələ onun xeyrinə həll edilir".
Deputatın çıxışı isə Z. Əsgərovun reaksiyasına səbəb olub: "Xahiş edirəm qanun layihəsi haqda danışın. Ayrı-ayrı şəxslər haqda danışmayın. Əlinizdə də faktlar yoxdur. Yekunlaşdırın".
Q. Həsənquliyev də öz növbəsində deyib ki, o, deputatdır və istənilən məsələləri qaldırmağa borcludur. Həm də sözlərinə əlavə edib ki, onun əlində kifayət qədər faktları var: "Əgər lazımdırsa, onları təqdim edə bilər".
Z. Ələsgərov yenidən Q. Həsənquliyevin və ondan öncə çıxış edən İlyas İsmayılovun fikirlərinə münasibət bildirib:
"Həm Qüdrət Həsənquliyev, həm İlyas İsmayılov burada qeydiyyat məsələsi ilə bağlı fikirlər işlətdilər. Burada rəqəmin göstərilməməsi o demək deyil ki, məsələ özbaşına həll edilir. Biz məsələni burada müzakirə edirik. Amma hesab edirəm ki, müzakirələr predmetsiz getdi. Kim siyasi partiya və QHT adı eşidirsə dərhal bu haqda danışır. Burada söhbət kommersiya qurumlarından gedir. Siyasi partiyalar və QHT-lər haqda qanunlar var. Özü də ən liberal qanunlardır. Hesab edirəm ki, son illər ədliyyə sahəsində aparılan islahatlar ən yaxşı islahatlardandır. Fikrimcə, belə fikirlərin səslənməsi ədalətsizlikdir".
Məhəmməd
AzNews.az