Milli Məclisdə ad davası – Mübahisə

22 Noyabr 2013 13:10 (UTC+04:00)

Yer adlarının dəyişdirilməsi Milli Məclisdə deputatlar arasında mübahisəyə səbəb olub.

AzNews.az-ın məlumatına görə, Xaçmaz rayonundakı Xaraxoba kəndinin adının dəyişdirilərək Palıdlı qoyulması ilə bağlı aparılan müzakirə zamanı deputat Fazil Mustafa buna öz etirazını bildirib.

O deyib ki, Xaraxoba adı Qıraqoba adı ilə əvəzlənsin: "İndi bu kəndin adını Palıdlı qoyuruq. Həmin kənddə bir dənə də palıd ağacı olmasa necə olacaq".

Milli Məclisin sədri Oqtay Əsədov isə deputata belə məsələlərdə çətinlik yaratmamağa çağırıb: "Fazil müəllim, burda çətin məsələ yoxdur, bu məsələni çətinləşdirənlər var".

Deputat Zahid Oruc isə bu məsələdə spikerlə razı olduğunu bildirib və diqqəti Gürcüstan və Ermənistanla bağlı məsələyə yönəldib: "İran və Rusiya arasında sərhəd razılaşması var, amma Ermənistanla Gürcüstan arasında yoxdur. Gürcüstanla Azərbaycan arasında Qareci kilsəsi ilə razılaşma hələ də əldə olunmayıb.

Mən elə burdan Gürcüstanın yeni hakimiyyət qüvvələrinə müraciət etmək istəyirəm. İstəməzdim ki, Gürcüstan kimi strateji ölkənin adı Azrbaycanla ərazi problemi olan Ermənistanla eyni çəkilsin. Bir kilsəyə görə, ölkələr arasında problem yaratmaq lazım deyil".
İclas zalından isə Z. Orucun çıxışının kəsilməsi ilə bağlı təklif səslənib.

Zahid Oruc bu təklifi belə cavablandırıb: "İcazə verin sözümüzü deyək. Onsuz da biz bir növbəli iş sisteminə keçmişik".

Oqtay Əsədov Zahid Oruca üzünü tutaraq deyib:

"Zahid müəllim, siz dostluq qrupunun üzvüsünüz və siyasətçisiniz gərək, elə bu, məsələni parlamentdə qaldırasınız. Bu Milli Məclis üzvünə, bir siyasətçiyə yaraşan çıxış deyil. Milli Məclisdə təzə dəb düşüb hamı burda müraciət etmək istəyir. Buna son qoyulmalıdır".

Bundan sonra Siyavuş Novruzovun çıxış etmək istəyinə replika ilə yanaşan spiker qeyd edib ki, "Görək Siyavuş Novruzov nə deyir" deyə bildirib.

Məhəmməd
AzNews.az