“Elmin inkişafına töhfələr verən alimlər stimullaşdırılacaq”

22 Noyabr 2013 14:18 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə mətbuat konfransı keçirib.


AMEA Rəyasət Heyəti Mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, A. Əlizadə deyib ki, akademiyada idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi, problemlərin səmərəli həll yollarının axtarılması məqsədi ilə AMEA Elmi Müəssisələrinin Direktorları Şurası yaradılıb.

Akademik gənclərin intellektual inkişafına nail olmaq üçün AMEA-da Gənc Alim və Mütəxəssislər şuraları da təsis olunur.

AMEA prezidenti İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının yaradılmasını da mühüm addımlardan biri kimi qiymətləndirib:

"AMEA-nın biznes təşkilatları və QHT-lərlə birgə innovativ fəaliyyətinin formalaşdırıldığı, Təcrübə-Sənaye Zavodunun elmi-innovativ fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlər aparılır".

Elmi kadr hazırlığına toxunan AMEA rəhbəri "Gənclər üçün Prezident Mükafatı"na namizədliyi irəli sürülən 8 alimdən danışıb və onların böyük potensiala malik olduqlarını vurğulayıb:

"Bu il Prezident İlham Əliyevin dəstəyi ilə 10-dan çox gənc tədqiqatçının Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndəriləcək, apardıqları tədqiqat işlərinin nəticələri elmi şuralarda müzakirəyə çıxarılacaq. Elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri stimullaşdırmaq məqsədi ilə "Nizami Gəncəvi adına Qızıl medal"ın təsisi, əsasnaməsinin təsdiq olunması üçün ölkə prezidentinə müraciət ediləcək".

A.Əlizadə qeyd edib ki, "Akademiya şəhərciyi"ndə Mərkəzi Elmi Kitabxananın və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin inşası, Kimya Problemləri, Fizika və Geologiya institutlarında aparılan əsaslı təmir bu ilin sonunda yekunlaşacaq:

"AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan sənəd də hazırlanacaq. AMEA-nın 70 illiyinin təntənəli qeyd olunması üçün dövlət qarşısında vəsatət qaldırılacaq".

Azərbaycan alimlərinin I qurultayının keçiriləcəyini söyləyən AMEA rəhbəri bununla bağlı veb saytın hazırlanması, "Azərbaycan alimləri" adlı bələdçi kitabın və alimlərin peşə bayramının qeyd olunması üçün "Elm günü"nün təsis ediməsi ilə əlaqədar ölkə prezidentinə müraciətin də hazırlanacağını deyib.

AzNews.az