İcra başçısı polis rəisini məhkəməyə verdi – Görünməmiş olay

8 Avqust 2012 14:21 (UTC+04:00)


Məmurlar məhkəmədə üz-üzə gələcək. Məlumatlı mənbədən AzNews.az-a daxil olan xəbərdə bildirilir ki, Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyev bu rayonun sabiq polis rəisi Zakir Babayevi məhkəməyə verib. Məlumatda bildirilir ki, artıq məhkəmə tərəfindən eks polis rəisinin məcburi şəkildə məhkəməyə gətirilməsi üçün qərar da çıxarılıb. Belə ki, Yasamal rayonunda, 20 yanvar metrosunun yaxınlığında yerləşən "20 yanvar şəhidləri"nin şərəfinə qoyulmuş abidənin arxasında Zakir Babayevə məxsus restoran yerləşir. Amma restoranın ərazisi əvvəllər park olduğundan bu yer mübahisəli sayılır.

Daha doğrusu, İbrahim Mehdiyev bu restoranın qanunsuz tikildiyini iddia edir. Zakir Babayevin yaxın ətrafından sızan məlumatlardan aydın olur ki, icra başçısı İbrahim Mehdiyev öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək keçmiş polis rəisinə ciddi təzyiqlər edir, qanunlara sayğısız yanaşır. Keçmiş polis rəisinin yaxınları iddia edir ki, bu ərazi qanuni şəkildə özəlləşdirilib, parkın ərazisinin faktiki mənsub olduğu qurumların icazəsi alınıb.

Elə isə ortaya maraqlı məqam çıxır. Əgər bu parkdakı obyekt kimlərisə narahat edirsə, bəs onda 30 metr məsafədə yerləşən və icra başçısı İbrahim Mehdiyevə məxsus olduğu ehtimal edilən təzə 4 mərtəbəli qara mərmərdən tikilmiş, hələlik təyinatı bəlli olmayan (Uşaq klinikası tərəfdə) bina hansı pullarla, hansı sərəncama, qanuna əsasən tikilib? İcra başçısı aldığı əmək haqqı ilə heç 10 ilə belə binanı tikdirə bilməz. Bəs onda hansı pullarla belə binalar tikilir"? Və yaxud, İbrahim Mehdiyev niyə başqasını qanunsuz fəaliyyətdə günahlandırır, ittiham edir və ya məhkəmələrə çəkir?

Qeyd edək ki, Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq məmurlar sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Görünür bu xəmir hələ çox su aparacaq. Mal-mülk, restoran davası edən məmurlara xatırlatmaq istəyirik ki, o ərazi parka məxsusdur. Parkın isə öz sahibi var: Xalq!

Mövzu ilə bağlı əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.

S. Xasmamedov

AzNews.az