Murad Köhnəqalanın xanımı: “Hələ də səhvinin cəzasını çəkir“

23 Noyabr 2013 09:46 (UTC+04:00)
Şair Murad Köhnəqala bir neçə gün əvvəl İsveçə mühacirət edib. O, din əleyhinə yazılarına görə dəfələrlə təhdid edildiyini və buna görə də ölkədən getdiyini deyib. Baş verən hadisələrlə əlaqədar məlumat əldə etmək üçün şairin ailəsinə müraciət etdik.

Murad Köhnəqalanın həyat yoldaşı Zərəngiz Mahmudova onun mühacirətə gedəcəyindən xəbərsiz olduğunu dedi: "Murad dərdlərini çox danışan adam deyildi. Ancaq arada yazdıqlarına görə hədələndiyini deyirdi. Biz razılaşmışdıq ki, o, xaricə bir müddətlik getsin. Mühacirət söhbəti isə olmamışdı. Xaricə gedəndə elə bildim yazıçı Yasin Eşotsla görüşməyə gedir. Mühacirətə getdiyini eşidəndə isə tamam çaş-baş qaldım. Çünki ora gedən demək olar ki, gəlmir. Çox istərdim ki, uşaqlarım atalarının yanında böyüsün. Ona görə də əgər alınsa, ailəm ilə birlikdə xaricə köçməyə razılıq verərəm. Arada Muradla danışırıq. Özü mətbuata açıqlama verəcəyini deyib. O, bu günə qədər çox səhvlər edib. Ancaq səhv etmək insanın xislətində var. Mən onu həmişə bağışlamışam. Axırıncı dəfə etdiyi səhvin hələ də cəzasını çəkir. Yaxşı ki, vaxtında bu məsələyə son qoydu. Əslində, Murad pis adam deyildi. Düşdüyü mühit, ətrafı onu belə səhvlər etməyə sövq etdi. İndi o, çətin vəziyyətdədir. Bəs hanı onun dostları?"

Murad Köhnəqalanın dostu Şəlalə Göytürk isə "Gündəlik Teleqraf"a açıqlamasında onun mühacirəti ilə bağlı bu fikirləri səsləndirdi: "Murad bəyin mühacirət xəbəri mənim üçün gözlənilməz olmadı. Ona çox yaxın olan biri kimi deyə bilərəm ki, son bir il ərzində Muradın həyatı gərginlik içində idi. Hər tərəfdən üstünə gəlirdilər. Dindar kəsim onu "kafir" deyə lənətləyirdi, ailəsində onu başa düşmürdülər. Bir neçə nəfər yaxın dostundan başqa heç kimlə görüşmək istəmirdi, tənhalığa qapılmışdı. Yaxın dostu Əlövsət Osmanlının ölümündən sonra çox sarsılmışdı. Deyirdi, Rafiq Tağını öldürdülər, Əlövsəti öldürdülər, indi də növbə mənimdir. Bir çoxları bu baş verənləri mənimlə əlaqələndirir. Ancaq bu heç də belə deyil. Düzdür, mənimlə olan münasibətlərinə görə ailəsində narazılıq yaranmışdı, lakin bu, onun mühacirət etməsi, gizlənməsi, hətta intihara cəhd etməsi üçün əsaslı səbəb deyildi. Bunu onun bütün sirlərini bilən adam kimi deyirəm".


AzNews.az