İnsan alverinə qarşı yeni plan hazırlanır

26 Noyabr 2013 13:26 (UTC+04:00)
Azərbaycan Respublikasının İnsan Alverinə Qarşı Mübarizə üzrə yeni Milli Fəaliyyət Planı (MFP) hazırlanır. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, bu, sayca İnsan Alverinə Qarşı Mübarizə üzrə qəbul ediləcək 3-cü MFP olacaq. İlk MFP 2008-2012, ikinci MFP isə 2009-2013-cü illəri əhatə edirdi. İkinci MFP-nin icrası, demək olar ki, tam başa çatıb və oradakı müddəalar tamamilə yerinə yetirilib. Yeni, 3-cü MFP isə 2014-2018-ci illəri əhatə edəcək. Yeni plan artıq hazırlanaraq qəbul edilməsi üçün Nazirlər Kabinetinə göndərilib.

1-ci MFP dövründə insan alveri qurbanlarına verilən yardım 33 avro məbləğində müəyyən edilmişdi, 2-ci MFP-nin icrası dövründə isə bu, mərhələlərlə əvvəlcə 200, daha sonra isə 400 avro civarında müəyyən edilib.

Məlumata görə, artıq Azərbaycanda insan alveri qurbanlarının sosial reabilitasiyası üçün xüsusi müəssisələr, sığınacaqlar fəaliyyət göstərir. Həmin sığınacaqlarda bir dəfəyə insan alverinin qurbanı olmuş 46 nəfəri yerləşdirmək mümkündür. Onlara orada pulsuz xidmət göstərilir, geyim, ərzaq və sair ehtiyacları ödənilir. Bundan əlavə, ayrıca olaraq uşaq sığınacağı da fəaliyyət göstərir. Həmin insanlar sığınacağa yerləşdirmə anından başlayaraq hüquqi, tibbi, psixoloji və s. kimi qayğı və xidmətlərlə əhatə olunurlar.

Sığınacaqda uşaqların dərsdən yayınmamaları üçün Təhsil Nazirliyi ilə birgə ayrıca sinif otağı yaradılıb və zəruri avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, statistikaya görə, Azərbaycanda son illər insan alveri sahəsində baş verən cinayət faktlarının sayı azalıb. Belə ki, 2013-cü il ərzində insan alveri üzrə istintaqı aparılan cinayətlərdən 15-i cinsi istismar, 4-ü isə məcburi əməyə cəlbetmə ilə əlaqədar olub.

AzNews.az