Əli Məsimli ipoteka problemindən yazdı

9 Avqust 2012 09:55 (UTC+04:00)


"İpoteka krediti" ifadəsi artıq neçə ildir Azərbaycanda özünə vəsiqə qazanıb. Amma ipoteka krediti ondan istifadə baxımından heç də insanlar arasında o qədər də məşhurlaşa bilməyib. Belə ki, ipoteka krediti aztəminatlı və evlənməyə hazırlaşan gənclərə kömək etmək məqsədilə gündəmə gətirilsə də, mahiyyətini doğrultmadı. Şərtlərin həddən artıq çətinliyi nə aztəminatlılara, nə də maddi durumu səbəbindən evlənə bilməyən gənclərin köməyinə çatdı. Şərtlərin yumşaldılması və tələb olunan sənədlərin azaldılması barədə iqtisadçı millət vəkillərinin, iqtisadçı ekspertlərin təklifləri də hələlik nəzərə alınmır. Dövlət rəsmilərinin də bu barədə səsləndirdikləri fikirlər hələ ki, təsdiqini tapmayıb.

Millət vəkili, tanınmış iqtisadçı Əli Məsimli özünün "facebook" statusunda bu məsələyə bir daha toxunub. Ə.Məsimli qeyd edib ki, Rusiyada hökumət ipoteka kreditlərinə görə faiz dərəcəsinini 5-6 faizə endirmək qərarına gəlib. Azərbaycanda da bu istiqamətdə iş aparıldığı barədə məlumatlar verilsə də, nədənsə həmin dəyişikliklərlə bağlı addımlarin atılması yubadılır: "Fikrimcə, bu sahədəki işlər sürətləndirilməli və adi ipoteka üzrə faiz dərəcəsi 8 faizdən 4-5 faizə, sosial ipoteka üzrə isə 4 faizdən 1-2 faizə endirilməlidir. Bununla yanaşı ipoteka krediti ilə verilən vəsait heç olmasa, ailəyə iki otaqlı mənzil almağa yetərli səviyyəyə qaldırılmalıdır. İlkin ödənişin aradan qaldırılması və ya daha əlçatan variantla əvəz edilməsi də zəruridir. Elə mexanizm hazırlanıb tətbiq olunmalıdır ki, rayonlarda yaşayanlar da ipoteka kreditindən faydalana bilsin".

Onun fikirincə, ipoteka kreditləri verməkdən ötrü nəzərdə tutulan vəsaitlərin artırılması istiqamətində də təsirli tədbirlər görülməlidir, zəruri məqamlar bir daha nəzərdən keçirilməlidir: "İkili mühasibatın geniş yayıldığı yerlərdə işçi ayda 800 manat maaş alsa da və bu, ipoteka krediti vasitəsilə mənzil almağa yetərli məbləğ olsa da, amma məhz həmin ikili mühasibat tətbiqi ucbatından, sənədlərdə onun maaşı 200 manat ətrafında göstərildiyindən, bu məbləğı əks etdirən rəsmi araşışla ipoteka vasitəsilə yetərli qədər kredit ala bilmir. (Belə vəziyyətdə işləyənlər pensiyaya çıxanda da uduşsuz vəziyyətlə rastlaşacaqlar). Bu problemin də həlli sürətləndirilməlidir. Gənc ailələrin və güzəştli kateqoriyaya aid edilən digər qruplar üçün xüsusi ipoteka rejiminin tətbiqinə ehtiyac var".

İpoteka krediti vasitəsilə gənc mütəxəssislərin rayonlara, kəndlərə işə getməsini stimullaşdıran layıhələr hazırlanıb, həyata keçirilməsinin zəruri olduğunu qeyd edən Ə.Məsimli hesab edir ki, bununla gənc kəndə işləməklə yanaşı, həm də ev-eşik, torpaq sahibi ola, vaxtında ailə qura bilər: "Eyni zamanda da kəndin inkişafına öz intellektual töhfəsini dolğun şəkildə verə bilər. Ona görə də düşünürük ki, hökumət ipoteka sahəsində dəyişikliklər edərkən bu sadalanan və digər məlum məqamları da nəzərə almalıdır".


Gültən

AzNews.az