Sabah N!DA-çıların məhkəmə baxışı start götürür

27 Noyabr 2013 13:57 (UTC+04:00)

Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində N!DA Vətəndaş Hərəkatının 7 üzvü və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı açılmış cinayət işinin məhkəmə baxışı başlayır.

Məlumata görə, hakim Cavid Hüseynovun sədrlik edəcəyi məhkəmə prosesi saat 10:30-da başlayacaq.

Xatırladaq ki, ötən prosesdə məhkəmə adı çəkilən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul etmişdi.

Qeyd edək ki, bu ilin mart ayında gənclərə qarşı Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və "Nida" üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

AzNews.az