Qarabağ döyüşçüsü Zakir Həsənova səsləndi: “Məni nəzərə alın”

27 Noyabr 2013 16:30 (UTC+04:00)
Qarabağ döyüşçüsü onun "Müharibə veteranı" statusunun tanınmasını istəyir.

AzNews.az-a müraciət edən Xocavənd rayon sakini, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, "Kompressor" binasında məskunlaşan Vəli Yusif oğlu Vəliyev deyir ki, müharibədə iştirakı ilə bağlı veteran vəsiqəsi ilə təmin olunması üçün Müdafiə Nazirliyinə dəfələrlə müraciət edib.

Ünvanladığı müraciətlər isə cavabsız qalıb: "1994-cü ildən 701 saylı hərbi hissədə xidmətə başlamışam. Həmin ilin mayında döyüş əməliyyatlarında iştirak edərkən mərmi partlaması nəticəsində beyin xəsarəti almışam. Bir neçə ay müalicədən sonra yenidən hərbi xidmətə qayıtmışam. Həmin ilin iyulundan isə 161 saylı hərbi hissədə əsgər kimi xidmətə davam etmişəm".

O tələb edir ki, müharibədə iştirakını təsdiq edən vəsiqə ilə təmin olunsun. "Həmin hərbi hissələrdə xidmət etdiyimə dair arayış verilməsini istəsəm də, müraciətlərim cavabsız qalır. Sonuncu dəfə 2013-cü ilin sentyabrında Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə yazılı şəkildə müraciət etmişəm. Hələ ki, nə müsbət, nə də mənfi cavab verilmir. İndi yeni nazir təyin olunub, sizin vasitənizlə ona da səslənirəm, mənim əziyyətimi, xidmətimi nəzərə alsınlar".

V. Vəliyev əlavə olaraq bildirib ki, onun qardaşı Adil Vəliyev də bu etinasızlıqdan əziyyət çəkir:

"Qardaşım Adil Vəliyev 1991-ci ildən 1996-cı ilədək Qarabağın müxtəlif məntəqələrində döyüşlərdə iştirak edib. O İbad Hüseynovun komandiri olduğu bölmənin əsgəri olub. Kəşfiyyatçı kimi 5 il xidmət edib. Ancaq o da hərbi biletini almayıb".


Ruhiyyə
AzNews.az