Angela Merkel: Ukrayna üçün Avropaya inteqrasiya yolu hələ də açıqdır

27 Noyabr 2013 19:45 (UTC+04:00)
Avropaya inteqrasiya yoluna qoşulmaq təklifi Ukrayna üçün qüvvədə qalır. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel deyib.
Onun sözlərinə görə, "Şərq tərəfdaşlığı" xətti üzrə Ukraynaya Avropaya inteqrasiya yoluna qoşulmaq üçün təklif göndərilib: "Biz bundan sonra Ukraynanı dəvət edəcəyik".
A.Merkel bildirib ki, Kiyevin Brüssellə yaxınlaşması hazırda Rusiyadan aralanmaq kimi başa düşülür: "Bu və ya digər yanaşmanın mümkün olduğu məsələnin belə qoyuluşu düzgün deyil. Həmişəki kimi Moskva Berlin üçün strateji tərəfdaş qismində maraq kəsb edir".
Qeyd edək ki, Ukrayna hökuməti ötən cümə axşamı rəsmi Kiyevlə Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılmasına dair qərar vermişdi.

AzNews.az