Yaqub Zurufçu: “İTV-dəki redaktorumla evləndim” – Müsahibə

28 Noyabr 2013 15:34 (UTC+04:00)
"Bütün xəyallarımın üstündən xətt çəkdi"


Əməkdar artist Yaqub Zurufçunun AzNews.az-a müsahibəsi:


- Yaqub müəllim, eşitdik ki, Avstraliyaya hazırlaşırsınız. Səfərinizin səbəbi nədir?


- Bəli, dekabrın 6-da mən xaricə səfərə gedəcəm. Avstraliyada mənim 4 gün konsertim olacaq. Konsert 1000 yerlik zalda baş tutacaq. Bu çox mühüm konsertdir. Bu günə kimi Azərbaycandan Avstraliyaya ancaq bir müğənni Zeynəb Xanlarova gedib. Mən də orada çıxış edəcək ikinci müğənniyəm. Bu gün cəsarətlə deyirəm, Yaqub Zürufçu kimi Azərbaycanı xaricdə təmsil edən ikinci bir sənətkar yoxdur. Ola da bilməz. Başqaları konsert verə bilər, amma mən ola bilməz.

- Konserti kim təşkil edib?


- Cənublular. Mən Amerikada ki, 30 il yaşadım, oradakı farslar mən tanıyır. Diaspora qarşısında mən çox məşhuram. Burada yaşasam da, konsertlərimin əksəriyyəti xarici ölkələrdə olur. Müəyyən təşkilatçılar xarici ölkələrdə konsert təşkil edir, sonra da bizi dəvət edirlər. Amma onlar tələbat olan müğənnilərin konsertini təşkil edirlər. Konsertlərimizdə tamaşaçılarımızın 70 faizi azərbaycanlı, qalan hissəsi isə onların tanışları olan əcnəbilərdir.

- Yaqub Zürufçu bir zamanlar Azərbaycan şou-biznesinə qatılmışdı. Qızlarla dəniz kənarında rəqs edib, klip çəkdirirdi. İndi isə yoxsunuz. Nə baş verir, qızlar qaçıb, yoxsa pulunuz yoxdur? Heç toylarda da görünmürsüz.


- Yaş öz işini görür (Gülür). Məni kimi adamın toylara getməyi bir az ağırdır. Toyda sənətkarlarla toy müğənniləri arasında cox vaxt fərq qoymurlar. Ona görə də çalışıram tanıdığım adamların, hörmət etdiyim şəxslərin məclislərində iştirak edim.


- Nİyə Azərbaycana gəldiniz? Amerikada yaşamaq çətin idi?


- Ümumiyyətlə, insan səmimi danışanda hər şey gözəl olur. Yalan kimə nə verib? Mən 34 ildir ki, vətəndən ayrıyam, çöllərdəyəm. İrandan çıxanda cavan uşaq idim. Mən hər şeyi xaricdə öyrəndim. Baxın, da saçım səhnələrdə ağardı. Mən eşitdim ki, rəhmətlik Heydər Əliyev xəstədir, Amerikaya gəlib. Durdum mindim təyyarəyə, uçdum Amerikaya. Dedim ki, mən onunla görüşə gəlmişəm. Bunu eşidəndən sonra xəbər göndərdi ki, "heç yerə getməsin, bəs onunla görüşəcəm".

Çox, hətta deyərdim ki, ömrümün ən maraqlı görüşlərindən biri idi. Görüşdə pianinoda "Ayrılıq" mahnısını ifa etdim. Baxdım ki, bu necə kövrəlib, dəhşətə gəldim. İlham Əliyev də orada idi. Qəfildən qayıtdı ki, "Yaqub bəy, neçə ildir ki, qürbətdəsın?" Dedim ki, 28 ildir. Baxdı, baxdı, dedi ki, "mən 4 gündür ki, Amerikadayam, ürəyimlə bacarmıram. Sən bu 28 ili qürbətdə necə qalmısan? Sənin kimi ürəkli insan, Azərbaycanı sevən sənətkar vətənsiz necə dayana bilib?"

Qayıtdım ki, cənab prezident! Belə qalmışam da, yanmışam, yanmışam, ürəyimdə bir ovuc kül qalıb. Elə bil daş üstə bina tikibsən. Oturursan daşdır. Daş üstə də oturmaq olmur axı. Bunu üçün şərait olmalıdır. Şərait də odur ki, o ölkənin vətəndaşı olmalısan, sənin dilini bilirlər, mədəniyyətini tanıyırlar.

Bu olmasa, mümkün deyil. Mən elə bil ki, 30 il daş üstə oturmuşam. Ev-eşiyim, imkanım var, amma baxıram ki, nəyisə itirmişəm, əskikliyim var.

Belə baxıb dedi: "Yaqub sənə bura lazım deyil. Oxuyursan, amma vətən üçün. Sən çıx Azərbaycana gəl". Bu söz mənə elə bil ürək verdi, dayana bilmədim. Bir başa Azərbaycana gəldim. Heydər Əliyev milli məsələlərə həssas adam idi. Belə məsələlərə ürəkdən yanaşırdı. Həm də mənim Amerikaya onun yanına getməyim ona çox xoş təsir etmişdi. Mənə çox hörmət etmişdi.

Bakıya gələn kimi də məni qəbul elədi. Görüşdük, söhbət elədik. Mənim Azadlıq Hərəkatındakı çıxışlarıma baxdı. Dedi ki, xalqımıza sən öz fikirlərinlə, musiqilərinlə dəyər verdin. Sənin Azərbaycan müstəqilliyində haqqın var.

- O haqqı siz özünüzdə hiss edirsiniz?


- Bunu mən cəsarətlə deyə bilərəm. Azərbaycan xalqının, dövlətinin müstəqilliyində bir faiz də olsa, əməyim var. Camaat baxdı ki, xarici ölkədən biri gəlib, çıxıb səhnəyə Azadlıqdan danışır. "Ayrılıq" mahnısı, ardı ilə də "Koroğlu"nun ariyası, bu balaca məsələ deyildi.

Təbrizdə məşhur bir şeir var -"And olsun"... Axırda deyir ki, nə qədər azərbaycanlılar azad olmayıb, azərbaycanlılar yatmayacaqlar, bu fikri başlarından atmayacaqlar. Bu mənim DVD-də də var. Heydər Əliyev mənə Azərbaycana qayıtmağıma bir stimul verdi. Sonra da cənab prezident İlham Əliyev nə lazımdırsa etdi.

O, mənə bütün ömrüm boyu xəyal etdiyim bir titulu verdi - Azərbaycan vətəndaşı. Bunun da ardınca Azərbaycanın əməkdar artist fəxri adını.

- Azərbaycan sizə qucaq açdı, amma uzun zamandır ki, səsiniz eşidilmir. Yəni, bir hesabat konserti verməyə vaxt yoxdurmu?


- Mən bir az siyasi məsələlərin arasındayam. Dünyada hər şey siyasətin üstündə qurulub. Siyasətdən uzaqlaşsaq, biz iqtisadiyyatı da başa düşə bilmərik. Heç kəs keçirdiyi konsertdən aldığı gəlirinin pulunu necə xərcləyəcəyini belə bilməz. Gəlir aybaay onu görməlidir. Konsertin verilməsində gərək camaatda həvəs ola. Bizim camaatda yaşamaq həvəsi yoxdur. İnsanlarda keçmiş musiqilərə maraq qalmayıb.

Hamı keçmişə qədim əşya kimi baxır. O vaxtlar Füzulu, Nizamı vardı, indi hansı cavan uşaqdan soruşsan ki, Füzuli kimdi? Nə deyəcək bilirsən?

- Nə?


- Deyəcək "o bitidi? Yeyəcəyik"? Bunların təsiri də konsert məkanlarına dəyir. Milli məsələ-zad qalmayıb. Xaltura meydan sulayır və sanballı musiqinin yerini doldurur. İndi Azərbaycan keçmiş dövrdə yaşamır. Bu gün Azərbaycan tamam başqa Azərbaycandır. Azərbaycan kapital deyil, sosial sistemdə böyüyüb.

Amma bu gün Azərbaycan kapitalizm tərkibinə düşüb. Bu tərkibdə insanların keyfiyyəti istər-istəməz bir az zəifləyib. Necə ki, biz Amerikada yaşamışıq, övladlarımız amerikalı, mən də azərbaycanlıdır. Biz bir yerdə yaşaya, bir-birimizi anlaya bilmədik. Sən demə, biz də səhv etmişik.

- Səhviniz həyat yoldaşını seçməkdə olub?


- Hə. Biz vətəndən çıxanda, ailə quranda, xaricə gedəndə hər şeyi düşünmüşük. Amma bir şeydən savayı. Mən Amerikaya gedəndə uşağımın 1 yaşı vardı. Bu günsə uşağım böyüyüb, Amerika vətəndaşı olub. 28 yaşı var. Fikirləşmədim ki, bu nə vaxtsa böyüyüb azərbaycanlı deyil, Amerikalı düşüncəli olacaq.

Biz necə bir yerdə yaşayacağıq? O, Amerika vətəndaşı, Amerika kimi düşünür, mənsə azərbaycanlıyam, fikirlərim də buralıdır. Bəs, birdən yola getmədik? Necə olacaq? Bax, burda səhv etdim. Amerika düşüncəsi mənim bütün xəyallarımın üstündən xətt çəkdi. Baxdım, ki, hər şeyi itirə bilərəm. Məcbur olub həyat yoldaşımla, ailəmlə yollarımı ayırdım. Bəlkə də bunu heç bir kişi edə bilməzdi. Amma mən o vicdanla yaşaya bilmərəm.

- Yəni, arvadınızı Amerika düşüncəsinə görə boşadınız?


- Hə. Həyat yoldaşım Təbrizdəndi. Onları başıma yığdım. Bizdə bir məsəl var, dedim ki, kim məndəndir, gedək. Kim ki mənimlə deyil, yolu açıq olsun. Dedim ki, xanım, belə yeriməyəcək, mən gedirəm Azərbaycana. Mənim oğlum bir neçə dəfə Azərbaycanda olub, təhsili Odlar Yurdu məktəbi var, orada alıb. Söz düşəndə oğlum deyir ki, mənim bünövrəm Azərbaycanda qoyuldu.

Orada təhsil sisteminə söz ola bilməz. Ələxsus da "Qanlı Göldə" kanadalıların açdığı məktəb. Hazırda isə o, San-Fransiskonun Tibb Universitetində oxuyur. Dünyanın ən gözəl tibb ocağıdır. Nə isə. Onlar mənimlə yollarını kəsdilər. Mən də dedim ki, mən Amerikalı deyiləm. Səmimi şəkildə ayrıldıq.

- Xanımınızla əlaqə saxlayırsınızmı?


- Əlbəttə. Oğlumdu, xanımımdı, necə atım onları? Amerikaya gedəndə yolumu onlardan salıram.

- Bəy, Siz repertuarınızda bütün yaş dövrünü nəzərə alan sənətkarlardansınız. Bir zamanlar məşhur "Ayrılıq" mahnınız indi yada düşmür. Repertuarınıza əl gəzdirib, bir az müasirləşdirsəniz necə...


- Əla olar. Amma bir əmma var. Mənim qarşıdan 60 illik yubileyim gəlir. Artıq bununla bağlı prezidentə də məktub yazdım. O, da Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə tapşırıq verib. 2014-cü ildə böyük bir yubileyim keçiriləcək. Konsertim də bu üzdən yubanır.

Amma bir şeyi etiraf edim ki, konsert vermək üçün çox problemlər var.

- Nələri nəzərdə tutursunuz?


- Konsert vermək üçün mən hazıram. Hər hansı bir təşkilat bütün zəhməti və xərclərimi çəksin, mən də təmənnasız gəlib oxuyum. Mənim heç nə işim olmasın, çıxım səhnəyə oxuyum, düşüm. Mənə də heç nə lazım deyil. Bu da Azərbaycanda mümkünsüzdür.

Azərbaycanda hara girirsən, hamının gözü bir nöqtədədir. Hər kəsin gözü cibindədir ki, görsün ki, əlin oradan nə qədər çıxardacaq. Bir konsertin 100 min xərci var.

- Bu ələ baxmaq tək Azərbaycandadır?


- Yox, düzünü desək bu saat hər yanda var. Amma xaricdə hər şey qayda qanunla tənzimlənir. Azərbaycanda isə 2 min manat zala pul verirsən, bu getdi dövlətin hesabına. Sonra başqa məsələlər, o, istəyir, bu istəyir, elə deyirlər ver ey... Axı nə üçün?

Mən sənətkaram. Siz mənə konsert düzəltmək əvəzinə deyirsiniz ki, əlin cibində olsun? Mənə belə konsert lazım deyil. 60 yaşlı sənətkara bu yaraşmaz axı.

- 60 yaşınızı subay qeyd edəcəksiniz?


- Niyə ki...Bəs xanımın?

- Axı deyirsiniz ki, boşanmısınız?


- Sonra evlənmək olmur? Subay qalası deyildim ki, evləndim. Hələ ondan da bir uşağım var - Atella.

- Bu xanımı harada "ovladınız"?


- İTV-da bir il "Körpü" verilişini apardım. Çox yaxşı, həddindən artıq mədəni bir xanımdı. Bizim proqramın redaktoru idi, aldım onu. Biz çox fərqli zamanda yaşayırıq. Bir albom yazdırıram qoyuram maşına. Birdən kimsə rast düşəndə istəyir, götürüb verirəm. Daha ondan gəlir güdmürəm.

- Bu saat sənətçilərin əksəriyyəti biznes qurur. Sizin biznesiniz varmı?


- Nə biznes? Sənətkar hara, biznes hara? Mən xanəndəyəm.

- Bizim sənət adamlarına verilən evdən, Prezident təqaüdündən, Prezident Mükafatından sizə də pay düşüb?


- Heç biri verilməyib.

- Hansısa bir quruma müraciət etmisiniz?


- Ehtiyacım yoxdur axı. Şüvəlanda, dənizin kənarında gözəl bir evim var.

- Mərhum sənətkar Şövkət Ələkbərovla bağlı haqqınızda xoşagəlməyən söhbətlər yayıldı. Guya siz onu müalicə üçün Almaniyaya aparıb, 20 yanvarda Şövkət xanımı xəstə-xəstə səhnəyə çıxardıb oxutdurmusunuz. Oradan gələn gəliri isə mənimsəmisiniz...


- Şövkət xanıma uşaqlıqdan böyük hörmətim var. Uşaqlıdan ona qulaq asardım. Apardım Almaniyaya, bizim evdə 3-4 ay qaldı. Dedi ki, gəl konsert edək. Bu da düşdü 20 Yanvar hadisəsinə. Mən də ona əvvəlcədən dedim ki, o konsertdə iştirak etməyəcəm.

Doğrudan da zalda oturdum, oxumadım. O, məni tamaşaçılara təqdim elədi, səhnəyə dəvət etdi. Mən də çıxıb "Ana" mahnısını oxudum. Sonra da yola saldım gəldi. Amma yenə deyirəm ki, mən 20 Yanvar hadisəsi ərəfəsində Şövkət xanımın səhnəyə çıxıb konsert verməsinə qarşı olmuşam.

Bahar Rüstəmli
AzNews.az