Vaqif Cavadov üzr istədi

9 Avqust 2012 13:29 (UTC+04:00)


Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun iştirakı ilə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts və futbolçu Vaqif Cavadov arasında görüş keçirilib. AFFA-dan AzNews.az-a verilən məlumata görə, görüşdə almaniyalı mütəxəssislə hücumçu arasında fikir mübadiləsi aparılıb. Görüşlə bağlı danışan almaniyalı çalışdırıcı Vaqifin gənc və bacarıqlı futbolçu olduğunu söyləyib: "Sevindirici haldır ki, bu görüş təşkil olundu və biz bəzi məsələlərə aydınlıq gətirdik. Hesab edirəm ki, Cavadova ikinci dəfə şans verilməlidir". Vaqif isə millidən kənarlaşdırılmağına səbəb olan hadisəyə görə üzr istəyib: "Avropa çempionatının seçmə mərhələsində Avstriya millisinə qarşı keçirdiyimiz oyunda məğlub olmağımız psixoloji cəhətdən mənə mənfi təsir etmişdi və emosional vəziyyətdə artıq çoxlarına məlum olan həmin xoşagəlməz hadisə baş vermişdi. Əlbəttə ki, həmin hadisə məni çox təəssüfləndirir. Bu hərəkətimə görə AFFA-dan və komanda yoldaşlarımdan üzr istəyir və bir futbolçu kimi Azərbaycan futbolunun inkişafına bacardığım qədər yardımçı olmaq fikrindəyəm".

Məlumat üçün bildirək ki, Cavadov ötən ilin oktyabrında AFFA-nın İntizam Komitəsi tərəfindən 1 il müddətinə cəzalandırılmışdı.


AzNews.az