N!DA-çılardan Milli Şura rəhbərliyinə şərt - Bəyanat

29 Noyabr 2013 11:05 (UTC+04:00)
Hərəkat üzvləri MŞ-də təmsilçi saylarının artırılmasını tələb edir

NİDA Vətəndaş Hərəkatının Milli Şurada təmsil olunan üzvləri qurumdakı gələcək fəaliyyətləri ilə bağlı bəyanat yayıblar.

Qurumun MŞ-dəki üzvlərinin yaydığı bəyanatda bildirilir ki, son günlər mətbuatda Milli Şuranın strukturu, tərkibi, rəhbərliyi, fəaliyyəti və yol verilmiş səhvlərlə bağlı bəziləri narahatlıq yaradır.

Bəyanatda daha sonra deyilir:


"Həbsdə olduğumuzdan Milli Şuranın işində fəal iştirak etmək imkanımız yoxdur. Ancaq MŞ-in indiyə qədərki fəaliyyəti və gələcəyi barədə bizim də bəzi fikirlərimiz var. MŞ-in formalaşdırılmasından bugünə qədərki fəaliyyətində bir çox səhvlərə yol verilib. Bu səhvlərdən əksəriyyəti mətbuatda dəfələrlə yazılıb, eləcə də bəzi MŞ üzvləri tərəfindən etiraf edilib.

İndi bu səhvləri bir-bir sadalamağa ehtiyac yoxdur. Bizi bundan sonra baş verəcək hadisələr maraqlandırır.

Düzdür, seçkidən sonra Şuraya əvvəldən daxil edilməməli olan bəzi şəxslər uzaqlaşdırıldı, ancaq bu proses hələ tam başa çatmayıb. Rəsul Quliyev kimi Milli Şuraya hər gün zərbə vuran şəxs hələ də üzvlükdə qalır. Bu problem elə ilk sessiyada həll olunmalıdır.

Eləcə də MŞ yaradılarkən gənclərə, xüsusilə təmsil olunduğumuz N!DA Vətəndaş Hərəkatına çox az yer ayrılıb. Baxmayaraq ki, seçki prosesində də fəal iştirak etməyən, ciddi elektoratı olmayan bəzi qurumlara daha çox yer ayrılıb.

N!DA Vətəndaş Hərəkatı isə istər seçkiqabağı imzatoplama kampaniyasında, təbliğat-təşviqat və görüş-mitinqlərin təşkilində, istərsə də seçkidən sonrakı proseslərdə fəal iştirak etdi. Hesab edirik ki, N!DA VH də MŞ-də təmsil olunan digər qurumlar qədər üzv sayına malik olmalıdır. Biz Hərəkatın MŞ-da fəaliyyətini ancaq bu formada görürük".

Hərəkat üzvləri MŞ-in gələcək fəaliyyətini hansı formada gördükləri ilə bağlı da fikirlərini açıqlayıblar.

N!DA üzvləri hesab edir ki, MŞ-in bugünkü strukturu bu modelin uğursuz olduğunu hər gün sübut edir: "Şura faktiki olaraq qeyri-işlək bir qurumdur və ancaq sədrin, vahid namizədin və bəzi üzvlərin fəaliyyətə aidiyyəti olmayan açıqlamalarından başqa ortada demək olar ki, heç bir fəaliyyət yoxdur.

Əgər MŞ-in bu ölkədə həqiqətən nələrisə dəyişə biləcək, uzunmüddətli qurum olmasını istəyiriksə, ilk növbədə struktur məsələlərini tənzimləyən yeni əsasnamənin qəbuluna ehtiyac var. MŞ yaranarkən qəbul edilmiş 3 maddəlik əsasnamə bunun üçün yaramır. Bu əsasnamədə bütün səlahiyyətlər sədrə verilib.

Keçən dövr ərzində fəaliyyət(sizlik) bunun dəyişməli olduğunu göstərir.

Yaradılan icra aparatı, eləcə də komissiyalar xırda istisnalarla fəaliyyətsiz qalıb. Seçkiqabağı fəaliyyətin isə təşkili MŞ yox, bir neçə partiya və təşkilatın fəallığı ilə bağlı idi. Əsasnamədə yaradılacaq strukturun fəaliyyəti tam tənzimlənməlidir. Hər şey sədrdən asılı olmamalıdır.

Faktiki olaraq MŞ müxalifətin ənənəvi problemi olan "günü qurtarmaq" üçün fəaliyyət göstərmək prinsipindən əl çəkməlidir. MŞ-in dəqiq və aydın strategiyası hazırlanmalıdır".

N!DA-çılar həmçinin Milli Şurada həmsədrlik institutuna ehtiyac olmadığını və qurumun sədri kimi Cəmil Həsənlini gördüklərini bəyan ediblər: "Cəmil Həsənli seçkiqabağı və seçkisonrası çıxışları və fəaliyyəti ilə müxalifətin vahid lideri olmağa layiq olduğunu sübut etdi və siyasi iradə nümayiş etdirdi. Milli Şuraya məhz belə bir lider lazımdır".

Bəyanatda daha sonra deyilir: "Son günlər müxtəlif təşkilatlarda MŞ-ə sahiblənmək meylləri hiss olunur. Hətta mətbuatda "Milli Şura Rüstəm İbrahimbəyova məxsusdur" ifadəsi belə səsləndi. MŞ heç kimin şəxsi təşkilatı deyil. O, müxtəlif qurumları və şəxsləri birləşdirən bir qurumdur. Ümid edirik ki, MŞ-in növbəti sessiyasında qeyd etdiyimiz məsələlər öz həllini tapacaq.

Milli Şura üzvləri


Üzeyir Məmmədli
Rəşad Həsənov
Rəşadət Axundov


AzNews.az