Azərbaycan prezidenti İspaniya və Estoniya baş nazirləri ilə görüşlər keçirib

29 Noyabr 2013 21:53 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 29-da Vilnüsdə İspaniya Krallığının baş naziri Mariano Rahoy Brey ilə görüşüb. AzNews.az - ın AzərTAc-a istinadən verdiyi məlumata görə, baş nazir Mariano Rahoy Brey İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Azərbaycan ilə İspaniyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində uğurla əməkdaşlıq etdikləri vurğulanıb. İqtisadiyyatın biznes, inşaat, kənd təsərrüfatı, energetika və digər sahələrində əlaqələrimizin genişləndirilməsi ilə bağlı ətraflı müzakirələrin aparıldığı görüşdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmi qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev həmçinin Estoniyanın baş naziri Andrus Ansiplə görüşüb. Görüşdə Azərbaycanla Estoniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında Vilnüs Sammiti çərçivəsində imzalanan viza rejiminin sadələşdirilməsinə dair sənədin əhəmiyyəti vurğulanıb və bundan Estoniya tərəfinin məmnun qaldığı qeyd olunub. Ölkələrimizin turizm, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində əməkdaşlığının yaxşı perspektivlərinin olduğu bildirilib.

Bununla da noyabrın 29-da prezident İlham Əliyevin Litva Respublikasına işgüzar səfəri başa çatıb.


AzNews.az