Əmək pensiyası alanların 27,1 faizi əlillərdir

3 Dekabr 2013 10:45 (UTC+04:00)
03 dekabr-Beynəlxalq Əlillər günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən davamlı islahatlar əlil pensiyaçıların etibarlı sosial müdafiəsini təmin edib.

Əhalinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə əlilliyə görə əmək pensiyası alan pensiyaçıların pensiyalarının əhəmiyyətli artımı baş verib.

Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, belə ki, ölkə üzrə əlilliyə görə əmək pensiyası alan pensiyaçıların pensiyalarının orta aylıq məbləği 01 yanvar 2006-cı il tarixə 32,3 manat olduğu halda, 01 oktyabr 2013-cü il tarixə bu məbləğ 147,6 manata çatıb. Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylığ məbləği isə 251 manat təşkil edib.

2006-cı ilin 1 yanvarından qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer alıb. Qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib.

Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub.

Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib. Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır.

Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinə əlavələr hesablanır. Bu əlavələr 01 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.

Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunub.

01 oktyabr 2012-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1 274 342 nəfərin 27,1 faizi (345,6 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 6,9 faizi (23,9 min nəfəri) I qrup, 85,9 faizi (296,8 min nəfəri) II qrup, 7,2 faizi (24,8 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7872 nəfər təşkil edir.

Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,6 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,9 faizi isə dövlət qulluqçularıdır.

AzNews.az