“El” Cəmil Həsənliyə qarşı; Eldar Namazov vəzifəsindən getdi - Yenilənib

3 Dekabr 2013 15:54 (UTC+04:00)
Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov tutduğu vəzifədən istefa verib.

AzNews.az xəbər verir ki, onun bu qərarı Milli Şuranın hazırda keçirilən sessiyasında açıqlanıb.


***
11:50

"El" hərəkatının sədri Eldar Namazov Milli Şuranın Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsindən istefa verir.


Milli Şuradan AzNews.az-a verilən məlumata görə, bu, qurumun bugünə nəzərdə tutulan sessiyasında elan ediləcək.

Məlumata görə, E. Namazov Milli Şuranın Mərkəzi İcra Aparatının rəhbərliyindən getməsinin səbəbini isə bəzi funksionerlərlə, xüsusilə də Müsavat Partiyasının fəalları ilə tez-tez yaranan anlaşılmazlıqlarla bağlayıb.

Mənbə bildirir ki, E.Namazovun bu addımından Rüstəm İbrahimbəyovun artıq xəbəri var. Hətta o, E.Namazovun yerinə yeni bir namizəd də irəli sürüb.

Lakin "El" hərəkatından olan həmin namizəd bu yükün altına girməkdən imtina edib. Bildirib ki, E. Namazovun üzləşdiyi çətinliklərlə o da qarılaşacaq. Buna görə də, həmin vəzifəyə təyin olunmağın mənası yoxdur.

Mənbə bildirir ki, R.İbrahimbəyovun istefasından sonra Milli Şuranın perspektivinə inanmayan E. Namazov, bundan sonrakı fəaliyyətini "El" hərəkatında - qurumun gücləndirilməsinə sərf etmək niyyətindədir.

"El" hərəkatının İdarə Heyətinin "skype" vasitəsilə bu gecə keçirilən toplantısında isə qurumun sessiyada açıqlanacaq mövqeyi müəyyənləşib. Hərəkat qərara gəlib ki, Milli Şurada həmsədrlik məsələsi, o cümlədən Rüstəm İbrahimbəyovun istefa verməsi ilə bağlı məktubu obyektiv müzakirə mövzusu olmalıdır.

Xəbərdə o da qeyd olunur ki, hərəkat Rüstəm İbrahimbəyovun sədr kimi qalmasında israrlı olacaq. Əgər təklif qəbul olunmayacaqsa, yeni sədrin indi seçilməsi ilə bağlı müzkirələrin davam etdirilməsi təklifi irəli sürüləcək.

Elnur
AzNews.az