Bu uşaqlar təhsil haqqından azad ediləcək

3 Dekabr 2013 12:50 (UTC+04:00)
Milli Məclis "Təhsil haqqında" qanuna dəyişikliklər məsələsi müzakirə edilib.

AzNews.az-ın məlumatına görə, parlamentin bu gün keçirilən plenar iclasında qanunda bir sıra dəyişikliklər olunub.

Məsələ haqqında məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, qanuna dəyişikliklər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil almaq imkanı yaradır.

Ş. Haciyev bildirib ki, dəyişiklik "Təhsil haqqında" qanunun "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanununa edilmiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi ilə edilib.

Dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Müzakirələrdən sonra qanuna dəyişiklik qəbul edilib.

AzNews.az