Milli Məclisdə “zarafat” davası

3 Dekabr 2013 13:19 (UTC+04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun layihəsi müzakirəsi zamanı deputat Fazil Mustafa ilə spiker Oqtay Əsədov arasında mübahisə yaranıb.

AzNews.az-ın məlumatına görə, buna səbəb F. Musatafanın çıxışa başlayan zaman səsləndirdiyi ifadə olub.

Millət vəkili deyib ki, o çıxışa yazılan zaman, digər deputatlar da bu istəyə düşür.

Spiker isə deyib ki, F. Mustafa özü haqqında yüksək fikirdədir: "Digər deputatlar haqqında isə aşağı düşünürsünüz. Belə olmaz, çıxışlarınıza fikir verin".

F. Mustafa buna cavabında deyib ki, o özü haqqında yüksək, həmkarları barəsində isə aşağı fikirdə deyil: "Sadəcə, mən bunu zarafat kimi dedim. Hesab edirəm ki, sizin buna kobud cavab verməyiniz doğru deyil".

Spikerin F. Mustafanın son fikirlərinə cavabı sərt olub: "Fazil müəllim, siz burada danışdınız, əvvəla, mənim sizinlə zarafatım yoxdur ki, burada mənimlə zarafat edəsiniz. Siz dediniz məndə cavabın verdim. Siz öyrənmisiniz ki, hər sözün davamında bir replika atasınız. Birdən-ikiyə sizinlə zarafatım var ki, deyirsiniz zarafat edirəm?!".

AzNews.az