Rəsul Quliyev Milli Şuradan çıxarılıb

3 Dekabr 2013 19:10 (UTC+04:00)
ACP-nin sabiq lideri Rəsul Quliyevin Milli Şuradan xaric edilməsi məsələsi qurumun bu gün keçirilən sessiyasında müzakirəyə çıxarılıb.

APA-nın verdiyi məlumata görə, ACP sədri Sülhəddin Əkbər bildirib ki, Milli Şuranın Əsasnaməsində üzvün xaric edilməsi mexanizmi yoxdur.

O, Rəsul Quliyevin özü ilə əlaqə saxlamadan bu məsələnin müzakirəyə çıxarılmasının da yolverilməz olduğunu söyləyib. Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, Rəsul Quliyevin Milli Şuranın üzvü kimi saxlanılması qurumun özünə hörmətsizliyidir.

Səsvermə keçirilib və Cəmil Həsənli təxminən 40 nəfərin Rəsul Quliyevin qurumdan çıxarılması təklifinin lehinə səs verdiyini söyləyib. S. Əkbər isə bunu etirazla qarşılayıb: "Azərbaycanın tanınmış siyasi xadimi ilə bağlı səsverməni təxminlərlə yola vermək düzgün deyil. Mən buna rəsmən etiraz edirəm".

Cəmil Həsənli isə Rəsul Quliyevin öz fəaliyyəti ilə özünü Milli Şuradan kənar qoyduğunu bildirib.


AzNews.az