Gülər Əhmədovanın məhkəməsindəki davanın- TƏFƏRRÜATLARI

4 Dekabr 2013 08:41 (UTC+04:00)


Daha əvvəl xəbər verdiyimiz kimi, sabiq millət vəkili Gülər Əhmədovaya məhkəmədə hökm oxunandan sonra qohumları arasında dava düşüb. Davanın əsas iştirakçıları ANS-in teleaparıcısı İlqar Mikayıloğlunun birinci və ikinci həyat yoldaşları olsa da, əsas səbəbkarı eks-deputatın bacısı Gülnar Quliyevadır.

Hadisə şahidlərinin sözlərinə görə, Gülnar Quliyeva neçə məhkəmə idi ki, İ.Mikayıloğlunun indiki həyat yoldaşı Zülfiyyə Bayramovanı döyməyə fürsət axtarırmış. İlk davanı da elə G.Quliyeva salıb. Z.Bayramova Gülər Əhmədova ilə görüşərkən G.Quliyeva onun saçını dartıb. Z.Bayramovanın əli G.Əhmədovanın əlində olduğundan müqavimət göstərə bilməyib. Daha sonra Zülfiyyə zəng edib ki, İlqar "gəl-gör bacın nə edib", bu zaman o, İ.Mikayıloğlunun əvvəlki həyat yoldaşını görüb "bunu boşamısan, bu nə edir burda?". Beləliklə də, dava başlayıb. Z.Bayramova G.Quliyevanın üzünü cırıb.

Publika.az ötən gün məhkəmədən sonra baş verən hadisənin təfərrüatını araşdırıb. Bu dəfə hadisə şahidləri yox, hadisənin iştirakçıları davanın keçmişi və əsas səbəbi haqda danışıblar.

İ.Mikayıloğlunun hazırkı həyat yoldaşı Z.Bayramova açıqlamasında baş verənlərin ailə üzvlərinin bəzisinin onu qəbul etməməsi ilə əlaqədar olduğunu deyib:

"İlqar Mikayıloğlu birinci həyat yoldaşından rəsmən boşanıb. Bunu Yasamal rayon məhkəməsi də təsdiq edə bilər, mənimlə rəsmən evlidir. Kiminsə gözü götürmürsə, bu mənim yox, onların problemidir. Mətbuatda olan bütün yazıları, kadrları toplamışam. Sadəcə Gülər xanımın indiki vəziyyətinə və İlqara olan hörmətimə görə onlar haqqında hüquqi tədbir görmürəm. Amma bu o demək deyil ki, heç nə etməyəcəm. Cinayət 1 ildən sonra da cinayətdir. O materialları saxlayacam. İl yarımdan bəri təhdid mesajlarının hər birini bir "papkada" toplayıb saxlayıram.

Əgər onlar bir daha mənə qarşı hər hansı bir sms göndərsələr və ya ailəmə qarşı hər hansı addım atsalar, hüquq mühafizə orqanlarına müraciət edəcəm. Özümün, ailəmin təhlükəsizliyini, şəxsi həyatıma müdaxiləni, şərəf və ləyaqətimi alçaltmaq məqsədilə edilənlərin qarşısını almağı hüquq mühafizə orqanlarından xahiş edəcəm. Ötən gün yaşananları isə Gülər Əhmədovanın hazırkı durumuna və İlqar Mikayıloğluna bağışladım. O mənim həyat yoldaşımdı və biz bir-birimizi sevirik.İlqar xahiş etdi ki, onları bağışlayım. Öz əqidəm, tərbiyəm də imkan vermədi ki, hazırkı durumda sevdiyim insanlara qarşı hörmətsizlik edim".

Z.Bayramova bildirib ki, İlqar bəyin boşandığı həyat yoldaşı və bacısı tərəfindən ona qarşı hücumlar təşkil olunur: "Yazılanların mahiyyəti isə "nə üçün İlqar səninlə evlənib, məndən boşanıb?" Bunu İlqardan soruşmaq lazımdır. Onların əsas niyyəti budur ki, biz ayrılaq. İlqar yenidən əvvəlki həyat yoldaşı ilə ailə qursun. Amma özünə hörmət edən qadın buna yol verməz. O,bunu istəyirsə, görməyəcək. Biz bir-birimizi sevirik, ayrılmaq fikrimiz də yoxdur. Biz kiminsə kaprizlərinə görə, ayrılmaq üçün ailə qurmamışıq. İndi o SMS-lərdə yazılanları açmıram. Onlar hadisələrin sizin görmədiyiniz tərəfləridir. Bu materialların hamısını saxlayıram. Sabah mənə qarşı heç bir hərəkəti bağışlamayacam. O zaman mənim qabağımda heç kim dayanmayacaq".

Digər ailə üzvlərindən özünə qarşı olan münasibətə gəldikdə isə, o heç bir problemin olmadığını bildirib: "Gülər xanımla münasibətimiz çox yaxşıdır, qardaşı deyir "necə istəyirsiz elə də yaşayın". Sadəcə ortalığa düşən bacısı ilə keçmiş həyat yoldaşıdır. Bilmirəm bunları nə məqsəd birləşdirir? Həmin SMS-lərdə həyatım üçün təhlükə olduğu yazılıb. Kadrlardan da görünənlər də əslində həyatım üçün təhlükə deyilmi? Ona görə də bu mənim onlara sonuncu güzəştim idi. Bundan sonra qanun qarşısında cavab verəcəklər. Mən heç nə etmirəm, sakit evimdə, öz ailəmlə oturmuşam".

Dünənki hadisələrdən danışan Z.Bayramova təkcə dünən yox, uzun müddətdir ki, onların zəng, mesajları qarşısında susduğunu deyib: "İlqarın, Gülərin xatirinə dözmüşəm. Amma bu o demək deyil ki, mən susduqca bunu mənim qorxaqlığım kimi qəbul etmək lazımdır. Xeyr, mən heç kimdən qorxmuram. Çünki mənim arxamda, dövlətim, qanunlarım dayanıb. Nə İlqar, nə də mən yetkinlik yaşına çatmayan insanlar deyilik ki, kimsə bizim üzərimizə gəlsin və biz də qorxaq. Şəxsi həyat toxunulmazdır. Heç kimin ona müdaxilə etməyə ixtiyarı yoxdur. Sabah İlqar çıxıb gedəcəksə, qapısı açıq olacaq. Amma kiminsə məcbur etməsi, hədə-qorxu gəlməsi ilə, şərəf və ləyaqətini alçaltmaqla nəyisə əldə etmək olmaz. Bunun qarşısını almaq üçün qanun, dövlət var".

Həyat yoldaşı İ.Mikayıloğlunun bu vəziyyətdən utandığını söyləyib:"Ən azından dünən üçün bu lazım deyildi. Buna onların qabiliyyəti çatmadı. Əlbəttə, İlqar bundan utanır. Düz də edir utanmaqla. İlqarın da fikrini öyrənə bilərsiz. Düzdür, o şəxsi həyatına müdaxiləni sevmir. Amma elə vəziyyət yaratdılar ki, susmaq olmur. Bu vəziyyətdə sussaq, günahkar biz olarıq. Axı biz günahkar deyilik, kiminləsə evlənib, boşanmaq qəbahət deyil".

Deyilənlərə qarşı tərəfin də fikrini öyrənilib. G.Əhmədovanın bacısı, G.Quliyeva isə bunun məişət zəminində baş verən hadisə olduğunu, mətbuatın maraqlanmadan, soruşmadan yazdıqlarının yetərli olduğunu dedi: "Orada əsəblər gərgin vəziyyətdə idi. Ona görə də onu bu qədər şişirtməyə ehtiyac yoxdur. Ailədaxili məsələ idi. Nə yazırlar yazsınlar əhəmiyyət vermirəm. Orada insanlar çox idi, fikirlər də çoxdur. Hər kəsin qarşısına çıxıb, nəyisə sübut etməyə çalışmıram, buna fikrim də yoxdur. Bu ailə-məişət zəminində baş verən hadisədir.

Zülfiyyə Bayramovaya qarşı təhdid mesajlarının olmasına gəldikdə isə, bu məsələnin şişirdildiyini bildirib: "Mən nə onun nömrəsini bilirəm, nə SMS göndərmişəm, nə də ona zəng etmişəm. O heç mənə maraqlı da deyil. Onu heç ailəmiz də qəbul etməyib".

G.Quliyeva Z.Bayramovanın əlindəki məlumatlar əsasında hüquq mühafizə orqanlarına müraciət etmək istəməsinə də münasibət bildirib: "Nə istəsə edə bilər, onu da anlayıram. Hər halda İlqarın bacısı olaraq onu qəbul etmirəmsə, o da bunu etmək məcburiyyətindədir. Hansı yolla nəsə etmək istəyir etsin, yolu açıq olsun.

Tək mən yox, başda anam olmaqla hər biriniz İlqarın əvvəlki həyat yoldaşını, onun övladlarını qəbul edirik. Bizim Zülfiyyə adlı gəlini qəbul etmirik. Evləniblər öz işləridir. Məcbur da deyilik onu qəbul etməyə. Zülfiyyəni qəbul etməməyimizin əvvəlki həyat yoldaşı ilə heç bir əlaqəsi yoxdur. Sadəcə məhkəmədə mənə qarşı təhqiredici söz səsləndirdi, bu hadisə də ondan sonra yaşandı. Bu İlqarla evliliyi ilə əlaqədar deyil".

Əldə etdiyimiz digər məlumatlara görə isə, İ.Mikayıloğlunun boşandığı həyat yoldaşı onun keçmiş qayınanası ilə birlikdə yaşayır. İ.Mikayıloğlu isə evindən çıxıb, ikinci həyat yoldaşı ilə başqa evdə yaşayır. Ailə isə onun əvvəlki həyat yoldaşını evdən çıxartmır ki, "İlqar səhv eləyib, nə vaxtsa qayıdacaq".

AzNews.az