Auditorlarla menecerlər əməkdaşlıq edəcək

4 Dekabr 2013 14:20 (UTC+04:00)

Dekabrın 4-də Azərbaycanın Auditorlar Palatası ilə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Auditorlar Palatasının sədri Vahid Novruzov və Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) prezidenti Nuriyyə Novruzova imzalayıb.

Bu saziş Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tamhüquqlu üzvü olan Azərbaycan Respublikasının Auditorlar Palatası və Beynəlxalq peşəkar təşkilatların Azərbaycanda akkreditasiya olunmuş regional mərkəzi olan Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının Infosystem-LINK tədris mərkəzi ilə daha səmərəli birgə fəaliyyətlərinin təmini məqsədini daşıyır.

Memorandum çərçivəsində əsas fəaliyyət istiqamətləri kimi, auditor, maliyyə və mühasib kadrlarının IFAC-ın üzvlük tələblərinə müvafiq olaraq hazırlanmasında müvafiq tədris materiallarını təqdim etmək sahəsində qarşılıqlı işgüzar informasiya mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan başqa audit, maliyyə və mühasib ixtisasları üzrə ölkə iqtisadiyyatının inkişafı üçün gənc iqtisadçıların hazırlanması və peşəkar səviyyəsinin artırılması, ölkədə maliyyə, mühasibat uçotu, audit sahəsində beynəlxalq standartlarının tətbiqi yolu ilə beynəlxalq statuslu kadrların hazırlanması və daima təkmilləşdirilməsi, Assosiasiyanın nəşr etdiyi "Finansist" jurnalının maliyyə, mühasibat uçotu və auditi sahəsində elmi-praktik vəsait kimi təbliğ edilməsi kimi birgə layihələrin keçiriləcək.

Elnur
AzNews.az