BP-yə yeni vitse-prezidenti təyin edildi

4 Dekabr 2013 15:02 (UTC+04:00)
BP şirkəti bildirir ki, Toni Hant Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) Regionu üçün dəniz əməliyyatları üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Toni öz vəzifəsinin icrasına 15 dekabr 2013-cü il tarixindən başlayacaq. Bu vəzifədə Toni bütün AGT regionunun dənizdəki əməliyyatlarının təhlükəsiz, tələblərə uyğun və etibarlı şəkildə həyata keçirilməsinə cavabdeh olacaq.

Bu təyinat AGT Regionunda 4 il dəniz əməliyyatları üzrə vitse-prezident işləmiş Mark Tomasın Hyustonda yerləşən texniki funksional bölmələr üzrə vitse-prezident vəzifəsinə təyin olunmasından sonra verilib. Mark da öz yeni vəzifəsinin icrasına 15 dekabr 2013-cü il tarixində başlayacaq.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Qordon Birrell deyir: "Mən ötən dörd il ərzində Azərbaycanda dəniz əməliyyatlarımızın təhlükəsiz və etibarlı şəkildə idarə olunmasına verdiyi möhtəşəm töhfəyə görə Marka öz minnətdarlığımı bildirmək istəyirəm. Mark bizim regional dəniz əməliyyatlarımızın beynəlxalq standartlara və BP-nin tələblərinə uyğun qaydada idarə edilməsində aparıcı qüvvə olub. Marka təyin edildiyi yeni texniki funksional bölmələr üzrə vitse-prezident vəzifəsində uğurlar arzulayıram.

Həmçinin fürsətdən istifadə edərək Toninin AGT Regionuna gəlməsindən məmnunam. Toni beynəlxalq neft sənayesində geniş təcrübəyə malikdir və mən əminəm ki, bu təcrübə bizim dəniz əməliyyatlarımızın əvvəlki kimi yüksək səviyyədə təhlükəsiz və etibarlı şəkildə davam etməsini təmin etmək üçün əsas olacaq".


Toni Hant Lester universitetindən riyaziyyat üzrə bakalavr dərəcəsinə və Aberdində yerləşən Robert Qordon universitetindən dəniz qurğuları mühəndisliyi üzrə magistr dərəcəsinə malikdir.

BP şirkətindəki 29 illik karyerası ərzində o, əməliyyatlar üzrə çoxsaylı vəzifələrdə, o cümlədən Böyük Britaniyada və Anqolada dənizdə və quruda əməliyyatlar üzrə rəhbər vəzifələrdə çalışıb. Toni Azərbaycandakı vəzifəsinə hazırda Luandada tutduğu sualtı əməliyyatlar üzrə menecer vəzifəsindən təyin edilib.

AzNews.az