AXCP funksionerindən Müsavata sərt İTTİHAMLAR

4 Dekabr 2013 16:44 (UTC+04:00)
"Milli Şura yaranarkən Rüstəm İbrahimbəyovun sədrliyə namizədliyi məhz Müsavat başqanı İsa Qəmbər tərəfindən irəli sürülüb. İndi isə bu adamlar tamam başqa mövqe sərgiləyir. Burada bir məntiqsizlik yaranıb. Yəni vaxtilə onun sədrliyə namizədliyini irəli sürən şəxs, indi onun fəxri sədr olmasına görə, Milli Şuranı tərk edəcəkləri elanı verir. Bu yanaşma daha çox bəhanə təsiri bağışlayır".

Bunu AXCP sədrinin müavini Fuad Qəhrəmanlı AzNews.az-a açıqlamasında deyib. O bildirib ki, bu onlarda təəssüf doğurur: "Rüstəm İbrahimbəyovun demokratik düşərgəyə dəstəyindən başqa nə ziyanı dəyib? Rüstəm bəyə qarşı ən böyük mənfi münasibət hakimiyyət tərəfindən edilir. Sual olunur, bu gün müxalifətdə olan bəzilərinin Rüstəm İbrahimbəyova qarşı hücumlarının kökündə nə dayanır, bu nifrət haradan qaynaqlanır?"

Onun sözlərinə görə, Milli Şuradakı müzakirələr göstərib ki, "Rüstəm İbrahimbəyov fəxri sədr olsa, biz Milli Şuranı tərk edəcəyik" bəyanatı məntiqi yanaşmadan və ciddi siyasi mövqedən daha çox, bəhanə kimi qəbul olunur: "Bu cür bəhanə gətirərək, demokratik prosesin əsas nüvəsinə, güc mərkəzinə - Milli Şuraya qarşı belə münasibət ifadə etməyi cəmiyyət mənfi qarşılayacaq. Bunun ictimai məsuliyyəti də var".

F. Qəhrəmanlı qeyd edib ki, bütün bunlara baxmayaraq, Müsavat Partiyasının Milli Şurada təmsil olunmasında maraqlıdırlar: "Unutmayaq ki, biz Müsavatla birgə seçki kampaniyası keçirmişik. Ortada lazımsız bəhanənin olmasını isə təəssüf hissi yaradır".

Milli Şurada daxili narazılığın qarşısını almaq məqsədilə Müsavat Partiyası ilə hər hansı danışıqların aparılmadığını da deyən F. Qəhrəmanlı bildirib ki, Müsavat Partiyası sessiyada öz mövqeyini açıq şəkildə bildirib: "Yəqin ki, Müsavat Partiyası daxildə müzakirə edib, müvafiq qərar qəbul edəcəklər".

Məhəmməd
AzNews.az