ATƏT Nazirlər Şurasının Kiyevdə keçiriləcək iclasının gündəliyi açıqlanıb

4 Dekabr 2013 19:53 (UTC+04:00)
Dekabrın 5-6-da Kiyevdə keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 20-ci iclasının gündəliyi açıqlanıb.

APA-nın xəbərinə görə, toplantıda ATƏT-ə üzv olan 57 ölkənin, 11 tərəfdaş ölkənin nümayəndə heyətləri, ATƏT institutlarının rəhbərləri, BMT, Avropa Şurası, NATO, MDB kimi beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər. Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

Nazirlər Ukraynanın ATƏT-ə builki sədrliyinin nəticələrini, eləcə də gələcək əməkdaşlıq və inkişafın perspektivlərini müzakirə edəcəklər. Bundan başqa, "Helsinki+40" təşəbbüsünün perspektivləri, ATƏT məkanında həlli uzadılmış münaqişələrin nizamlanması, silahlanma üzərində nəzarət, hərəkət azadlığı və insan kontaktlarının möhkəmləndirilməsi, enerji fəaliyyətinin ətraf mühitə neqativ təsiri, insan alveri ilə mübarizədə beynəlxalq səylərin gücləndirilməsi məsələləri də müzakirə olunacaq.

Toplantıda vacib müzakirə mövzularından biri hüququn aliliyi, əsas hüquq və azadlıqların təmin olunması prinsiplərinin möhkəmləndirilməsi, tolerantlıq və qeyri-ayrıseçkiliyin təsdiqi, jurnalistlərin hüquqlarının müdafiəsi, transmilli təhdidlərlə mübarizə olacaq.


AzNews.az