Arzu Rəhimov vətəndaşları qəbul etdi

5 Dekabr 2013 14:22 (UTC+04:00)
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 5 dekabrda Xidmətin Masallı rayon şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı, Astara və Masallı rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbulda 45-dək sakin iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbulu, veteran adı və vəsiqəsinin verilməsi, hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, möhlət hüququnun verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

AzNews.az