“Məktəblərdə internetin yayılma səviyyəsi 35 faiz təşkil edir“- Nazir

6 Dekabr 2013 11:43 (UTC+04:00)
Azərbaycanın orta məktəblərində internetin yayılma səviyyəsi 35 faiz təşkil edir.

Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, prioritet vəzifə qoşulmaların sayının artırılması, eləcə də məktəblərin keyfiyyətli internetlə, başlıca olaraq internetə optik çıxışla təmin edilməsidir: "Bu məsələdə 2014-cü ilin yanvarından Azərbaycan Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək genişzolaqlı internetin inkişafı layihəsi mühüm rol oynayacaq. Layihənin həyata keçirilməsi üçün hazırlıq işləri artıq başa çatıb. Layihə gözlənildiyi kimi, bir çox inkişaf etməkdə olan ölkələr üçün etalon olacaq".

2017-ci ilədək Azərbaycanın bütün yaşayış məntəqələrini internetə yüksək sürətli çıxışla təmin etmək planlaşdırılır.
Layihə təqribən 500 milyon dollar həcmində qiymətləndirilir. Bu üçillik layihə yüksək rentabelli hesab edilir: ikinci ildən başlayaraq, onun ümumi dəyərinin 30-35 faizi təkrar investisiya qoyuluşları hesabına maliyyələşdiriləcək.

Layihənin yekun məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 10-100 meqabit saniyə həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək.

AzNews.az