Baş həkim: “Jurnalistin anasının ölümündə günahsızıq”

6 Dekabr 2013 14:32 (UTC+04:00)
Biləcəridə yerləşən Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi Adil Tağıyev Jurnalist Səadət Abbasovanın anası Elmira Abbasovanın vəfat etməsinə aydınlıq gətirib.

AzNews.az-a açıqlamasında A.Tağıyev bildirib ki, Biləcəri qəsəbə sakini Abbasova Elmira Məcid qızı xəstəxanaya təcili yardım maşını ilə gətirilib.

Pasient baldır sümüklərinin yerdəyişən sınığı ilə ağır vəziyyətdə xəstəxanaya qəbul olunub.

Müəyyən olunub ki, xəstənin 70 yaşı var, ağır diabet və ürək-qan damar çatışmazlığından əziyyət çəkir. Xəstəxanaya qəbul ediləndə də vəziyyət çox ağır olub.

A.Tağıyev deyib ki, xəstə təcili rentgen aparılması üçün şöbəyə qəbul edilib. Orada isə bəlli olub ki, xəstənin ürək döyüntüləri azalır. Bu zaman təcili olaraq anestezeoloq, reanimatoloq, intensiv terapiya blokunun həkimi, travmatoloq, cərrah və ümumi terapevt birlikdə vəziyyətdən çıxartmaq üçün çox ağır "sistem" yerləşdirilib.

Həmçinin, vəziyyəti ağırlaşmaması üçün birbaşa rentgen şöbəsində zəruri yardım göstərilib. Bundan sonra xəstənin vəziyyəti normallaşıb. Sonra ürək-damar çatışmazlığının dərin olduğunu deyən A.Tağıyev qeyd edib ki, yaxınları gips qoyulmasını məcbur etsələr də həkimlər bununla razılaşmayıblar:

"Çünki o cür vəziyyətdə əlavə prosedur etmək təhlükəlidir və xəstəyə əlavə travma verməkdir. Bundan sonra isə xəstə intensiv terapiya şöbəsinə köçürülüb. Bu zaman da xəstəni "sistem"dən ayırmayıblar. O, daim ciddi nəzarət altında saxlanılıb. Lakin bütün cəhdlərimizə baxmayaraq, xəstə keçinib. Xəstə dünyasını dəyişəndən sonra qızı Səadət Abbasova emosiyalarını cilovlaya bilməyib və bir qədər əsəbi danışıb. Ancaq xəstəxanada olan digər qohumları onu sakitləşdiriblər və bildiriblər ki, həkimlər xəstəni xilas etmək üçün əlindən gələni edilib. Bunu nəzərə almaq lazımdır".

Baş həkim şikayət olduğuna görə, polisə müraciət edildiyini də söyləyib:

"Tapşırıq verdim ki, hüquq-mühafizə orqanına müraciət edilsin və günahkarlar aşkar edilərək cəzalandırılsın. Ancaq mərhumun yaxın qohumları, ailə üzvləri, hətta Səadət Abbasova da sonradan tərtib olunan akta imza atıblar ki, həkimlərdən narazı deyilik. Bundan başqa ekspertizadan imtina etmələrinə dair də ərizə yazıblar. Yəni qohumlar tərəfindən heç bir əlavə şikayət yoxdur. Yəni, Səadət Abbasovanın anasının ölümündə bizim heç bir günahımız yoxdur".

Məhəmməd
AzNews.az