Qəbul imtahanının gedişini onlayn izləmək mümkün olacaq

6 Dekabr 2013 16:50 (UTC+04:00)
Azərbaycanda dövlət qulluğuna qəbul zamanı daha bir yenilik tətbiq edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bu sahədə növbəti yeniliyi dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarının onlayn izlənməsi imkanıdır.

Komissiyanın mətbuat xidmətindən verilən xəbərə görə, artıq hər bir Azərbaycan vətəndaşı, o cümlədən media və qeyri-hökumət təşkilatlarının nümayəndələri test imtahanının gedişini onlayn izləyə biləcəklər:

"Bu, imkan dövlət qulluğuna qəbulla bağlı Komissiyada qeydiyyatdan keçmiş namizədlərin özləri, valideynləri və yaxınları üçün daha böyük önəm daşıyır. Belə ki, artıq namizədlərin valideynləri, yaxınları, o cümlədən istənilən maraqlı şəxs (media və QHT nümayəndələri də daxil olmaqla) internet bağlantısı olduğu təqdirdə evdən, iş yerindən və ya internetə çıxışı olan mobil telefondan test imtahanının gedişini müşahidə edə biləcəklər".

Qeyd olunub ki, 4, 25 oktyabr, 5 və 20 noyabr tarixdə elan olunmuş müsabiqənin hazırda keçirilən test imtahanı mərhələsini canlı müşahidə etmək istəyən şəxslər komissiyanın www.dqmk.gov.az ünvanlı internet saytının "Namizədlərin nəzərinə" bölməsinin "Test imtahanlarının gedişinin canlı izlənilməsi" alt bölməsinə daxil olmaqla onlayn izləyə bilərlər.


AzNews.az