Ayaqqabıdan narkotika çıxdı - Foto+Video

6 Dekabr 2013 19:40 (UTC+04:00)
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi və Mill Təhlükəsizlik Nazirliyi əməkdaşlarının birgə əməliyatı nəticəsində İran İslam Respublikasından muxtar respublika ərazisinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb.


AzNews.az SİA-ya istinadən xəbər verir ki, 24 noyabr 2013-cü ildə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına qayıdan Babək rayonunun Nehrəm kənd sakini Niftəliyev Mehdi Məmmədhəsən oğlu Culfa gömrük sərhəd buraxılış məntəqəsində muxtar respublika gömrük və təhlükəsizlik orqanlarının birgə keçirdikləri əməliyyat zamanı saxlanılıb, onun üzərində şəxsi axtarış aparılıb və gətirdiyi əşyalara baxış keçirilib.

M.Niftəliyev üzərində aparılmış şəxsi axtarış nəticəsində оnun ayağına geydiyi ayaqqabıların hər birinin daban hissəsindəki deşiklərdə gizlədilmiş, ümumilikdə 13 bükümdə xalis çəkisi 2,366 qram heroin, 1,387 qram tiryək, 0,979 qram həşiş qətranı olan narkotik vasitələr müəyyən edilərək götürülüb.

Naxçıvan MR MTN əməkdaşları tərəfindən həmin tarixdə M.Niftəliyevin Babək rayonunun Nehrəm kəndində yaşadığı evinə və həyətyanı torpaq sahəsinə keçirilmiş baxış zamanı isə yaşadığı evdən və həyatyanı torpaq sahəsindəki hasarın dibinə yığılmış taxta-odun parçalarının altından müxtəlif bükümlərdə xalis çəkisi 307,817 qram heroin, 31,734 qram həşiş qətranı, 26,66 qram tiryək narkotik vasitələri aşkar edilərək götürülüb və hal şahidlərinin iştirakı ilə sənədləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Niftəliyev cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Naxçıvan şəhər məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib, saxlanması üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin İstintaq Təcridxanasına təhvil verilib. Hazırda da orada saxlanılır. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməlin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məlumatda ictimaiyyətin nəzərinə çatdırılır ki, M.Niftəliyevin guya siyasi fəaliyyəti ilə əlaqədar saxlanılması və saxlanıldıqdan sonra işgəncələrə məruz qalması barədə "Azadlıq radiosu" və "Yeni Müsavat" qəzetlərində təqdim olunan məlumatlar tamamilə həqiqətdən uzaq və böhtan xarakterli olub, məlum şəxslər dairəsi tərəfindən təxribat məqsədi ilə səsləndirilən uydurmalardır: "Bu cür böhtan xarakterli məlumatların dəfələrlə onlar tərəfindən təkrar olunması isə bütün əxlaq və davranış normalarına ziddir. Bu baxımdan "Azadlıq Radiosu" və "Yeni Müsavat" qəzetinin bu dəfə də diqqəti vətəndaş tərəfindən törədilən cinayətdən və onun mahiyyətindən yayındıraraq bundan siyasi məqsədlər üçün istifadə cəhdləri, cinayət törətmiş şəxsin partiya mənsubiyyətini bəhanə gətirərək Naxçıvan Muxtar Respublikası və dövlət orqanları haqqında böhtan xarakterli təbliğat aparmaları təəccüb doğurmur. Görünür ölkədəki mövcud qanunvericiliyin siyasi əqidəsindən, baxışlarından və məşğuliyyətindən asılı olmayaraq heç bir şəxsə hüquqazidd və cinayət əməli törətmək hüququ vermədiyini, böhtan xarakterli təbliğatlarının müvafiq qanunları pozduğunu "Azadlıq radiosu" və "Yeni Müsavat" qəzetində anlayan yoxdur. Bir daha M.Niftəliyevin konkret cinayət faktı ilə saxlanılmasına baxmayaraq "Azadlıq radiosu", "Yeni Müsavat" qəzeti və bu qəbildən olan digər qaragüruhçu kütləvi informasiya vasitələrinin bu barədə uydurmalarını rədd edirik".





AzNews.az