Stomatoloji klinikada baş verən ölümlə bağlı Rəsmi məlumat

7 Dekabr 2013 16:15 (UTC+04:00)
Bakı şəhər Prokurorluğu Bakıda stomatoloji klinikada baş verən ölüm faktı ilə bağlı məlumat yayıb.

Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 5-də saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən "VİP DENTAL" özəl stomatoloji klinikada Məmmədov Elçin Seyfulla oğlunun üzərində keçirilən cərrahiyyə əməliyyatı zamanı ölməsi barədə rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında məhkəmə-tibbi ekspertin iştirakı ilə zəruri kriminalistik vasitələrdən istifadə edilməklə hadisə yerinə baxış keçirilib, Elçin Məmmədovun meyiti xarici müayinə olunub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, klinikada həkim-stomatoloq kimi fəaliyyət göstərən Hüseynov Baxış Hüseyn oğlu qeyd edilən tarixdə ona müraciət etmiş E.Məmmədovun çənə nahiyyəsində cərrahiyyə əməliyyatı apararkən sonuncunun səhhəti qəflətən pisləşib və həyatının xilas edilməsi üçün tibbi yardım göstərilməsinə baxmayaraq vəfat edib.

E.Məmmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə zəruri ekspertizalar təyin edilib. Eyni zamanda Baş Prokurorluq tərəfindən klinikanın tibbi fəaliyyətlə məşğul olmaq üçün verilmiş xüsusi razılığa (lisenziya) uyğun fəaliyyət göstərməsinin, həmçinin əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

AzNews.az