Cənab məmurlar, qanunyazanlar, əyməyin mizan tərəzini

9 Dekabr 2013 10:46 (UTC+04:00)
... Bir həftə bundan əvvəl televiziyalarımızdan birinin qarşısında dəhşətli bir mənzərənin şahidi oldum. 30-32 yaşlarında bir qadın, yanında da 4 uşaq.

Uşaqlardan böyüyü 8-10 yaşında, kiçiyi 1 yaş yarım olardı. Qadın televiziyadan kömək istəyirdi. Ona dedilər ki, televiziya problemini həll edə bilməyəcək. Əslində doğru deyirdilər. Qadının yanındakı yaş yarımlıq uşağın ayağında çəkməsi yox idi.

Ancaq isti corab var idi. Gücüm çatan köməyi etdim. Sonra balalarını başına yığdı ki, Gəncəyə qayıdır. Dəhşətli mənzərə idi. Hər yerdə işsizlik, hər yerdə problem, ev, təhsil, yaşam problemi, dərdlilər də dərdlərini götürüb televiziyaların üstünə gəlirlər. Məgər televiziyalar, qəzetlər, jurnalistlər, yazarlar, ərə gedənin, evi əlindən çıxanın, iş tapmayanın ümid yeri olmalıdır?!

Niyə bu işləri aidiyyatı olan qurumlar görmürlər. Niyə bizdə qanunlar bu qədər zəif işləyir? Niyə bizdə prezident və ya parlament seçkiləri öncəsi şişirdilmiş rəqəmlərlə insanları aldadıb deyirlər ki, filan qədər iş yerləri açırıq.

Bəs onda bu qədər işsizlər ordusu haradan yaranır? Bəs onda niyə azərbaycanlı həmvətənlərimiz doğma vətəndən çıxıb yad ölkələrə iş axtarmağa gedirlər?! Və sonra da "Səni axtarıram", "Ümid var..", "Adam içində…", verilişləri yad ölkələrdə dünyaya gələn uşaqların atalarını axtarır, hər ay Azərbaycana xarici ölkələrdən meyit daşınır…

Xoşqədəm Hidayətqızının və onun komandasının min bir əziyyəti hesabına tapdığı insanları, doğmaları bundan əvvəl də axtarıblar.

Və təbii ki, bu axtarışlar üçün əvvəlcə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət ediblər. Məntiqi sual doğulur?

Bəs, bizim DİN əməliyyat-axtarış qrupunun peşəkar işçiləri beləmi işləyirlər? Niyə Xoşqədəm Hidayətqızı axtaranda tapır, peşəkar polis əməkdaşları isə həmişə tapmırlar?!

Axı hər kəs gərək işlədiyi otağın, oturduğu kreslonun dəyərini bilə, ona görə bilə ki, aldıqları əmək haqqında, orden və medallarda ona müraciət edən Azərbaycan vətəndaşların haqqı var, ödədiyi vergi haqqı.

Haqq dedim, bir çox haqlar yadıma düşdü. Şəhidin ailəsinin haqqı, xəstəxanaya gedən xəstənin pulsuz müalicə haqqı, təhsil alan gənclərin, məktəblilərin pulsuz təhsil haqqı və bu arada, hüquqşunasın və ya vətəndaşın ədalət məhkəmələrindən gözlədiyi ədalətli qərar haqqı, jurnalistin işlədiyi iş yaradıcılıq ocağında, iş yerində iş hüquqlarını qorumaq haqqı… (elə bilirsiniz jurnalistlərin, hüquqşünasların haqqı pozulmur…) şəhid balasının da, qarşısındakı insan üçün haqq arayan jurnalistin də haqqını yeyirlər, pozurlar. Bir haqq var ki, onu unudurlar!!! TANRI HAQQI!!!

Onun altından ki, qaça bilməyəcəksiniz ay haqqı yeyənlər, haqqı dananlar. Biri milyonlar oğurlayır yüngül cəza ilə keçir, biri 5 manat üstündə 10 il məhkum olur. Nə olardı ki, HAQQ-ƏDALƏT məhkəməsinin Femidasının əlində tutduğu mizan tərəzisi əyilməyədi.

Mizan tərəzimizin düzgün çəkmədiyindəndir ki, bir həftə əvvəl televizyaya çörək, yaşamaq, balalarını saxlamaq iddiası, arzusu ilə gələn o qadın əliboş geri qayıtdı. Yenə deyirəm, televiziya haqq ədaləti bərpa edən, iş yeri paylayan qurum deyil ki…

Biz gözəl bir Azərbaycan qurmuşuq. Müstəqil Azərbaycan!!! Nə olur ki, onu qoruyuub, daha da firavanlaşdırıb, buna haqqı çatan balalarımıza verək!

Buna görə də mizan tərəzinin gözünü vurmayaq gərək. Hər bir dövlət ailələrdən yaranıb dövlət olur. Vətəndaşı cinayətkarı, savadsız, xəstə, rüşvətxor olan dövlətin sonun fəlakət deyilmi?!

Nə olar ki, hər kəs oturduğu kresloda, bahalı mebellerlə bəzədiyi kabinetlərində insanların haqqını yeməyə, qapılarına gələn vətəndaşlarımızı səbr-təmkinlə dinləyib, yardımçı olalar, Azərbaycan Konstitusiyasının və Milli dəyərlərimizin verdiyi bütün dəyərlərə rəğmən. Onda kimsə nə televiziyaların qapısında, bizi abırdan salan şou xarakterli verilişlərdə evlərinin, yataq otaqlarının, qonşularının problemlərini açıb sadalamayacaq.

Başları işə, çörək pulu qazanmağa qarışacaq. Əli hər yerdən üzülən, belə ucuz şou proqramlarda dərdlərinə əlac tapmaq və ya , məhəlləsində qaz xətti olmayan vətəndaş prezidentə məktub yazıb, ondan probleminin həllini istəməyəcək. İcazə verin, president dövlətin və konstitusiyanın onun qarşısında qoyduğu işlərlə məşğul olsun!!! Bunun da günahı rahat kreslolar və etimad göstərilən, lakin onu doğrultmayan məmurlar deyilmi?!

Nəhayər, insanların yaşadıqları ərazidə, rayonda, mikrorayonda xüsusi komitələr və ya bələdiyyədə bir qurum fəaliyyət göstərməlidir ki, işsiz, problemli insanlara, ailələrə kömək etsinlər.

1 dəfəlik yardımla, qonşudan gələn payla qarın doymaz. Hər uşaq üçün valideynlərə məktəbi qurtarana qədər uşaq pulu verilməlidir. Bizim dövlətin buna gücü çatar. Rayonlarda böyük vəsaitlər hesabına tikilən Olimpiya mərkəzləri qapısı qıfıllı qalıb.

Ancaq mötəbər qonaqlar gələndə qapısı açılan idman kompleksləri, Olimpiya mərkəzlərini məktəblilərin, gənclərin ixtiyarına pulsuz versək, bundan dövlətimizə ziyan gəlməyəcək.

Nəticədə, oğurluq, quldurluq, narkomanlığın faizi azalacaq. Bizim vətəndaşlarımız yaxşını da tez öyrənəndir. İnanın ki, son illərdə dövlətimizin idmanda qazandığı uğurlarımız birə 5 dəfə artar.

130 manat aylıq əmək haqqı alan dövlət qulluqçusunun maaşının 10-20 faiz artımı ilə, onun həyatında heç nəyi dəyişməyəcək. Və yaxud da 1200- mant aylıq əmək haqqı alan azərbaycanlı nazirin həyat tərzinə bu maaş yeni heç nə verməyəcək.

Çünki hər hansı bir nazirin qonağı gələndə bircə dəfə dəbdəbəli restoranlarımızda xarici qonaq üçün açdığı süfrə bundan baha başa gəlir. İnsanların firavan, yaxşı yaşaması üçün hər hansı bir formada, yaşayış səbətinə uyğun olaraq əmək haqları olmalıdır.

Belə olmayanda, yol da əyilir, əl də əyilir, əqidə sınır, vicdan susur. Azərbaycanın insanları çox gözəldir, əqidəsi, mərhəməti, sevgisi ilə. Son 20 ildə pozulan mizan tərəzi, yavaş-yavaş o gözəllikləri aradan çıxarmaq üzrədir.

Bu tərəfdən də 30 faiz bahalanma. O imkansız yazıqların halı necə olacaq? O 4 uşaqlı qadın bu gün mənim verdiyim pulla balasın doyuracaq.Bəs sabah neyləyəcək? Bir türk şairi var idi. Necati Zıkəriyyə: Şerindən belə bir bənd qalıb yadımda:
Gənc qız əlini açdı, çiçək verdim-- istəmədi, Gənc qız əlini açdı-- para verdim istəmədi. Gənc qız əlini açdı-- iş istədi.

Niyə yalandan iş yerlərinin faizini yüksək göstərirsiniz?! Niyə bir-birimizi aldadırıq. Axı o çörək, paltar tapa bilməyən uşaqlar gələcəyimizdir. Onlarin valideynlərinə iş yeri verin ki, para qazanıb, balalrıının gözəl gələcəyini təmin etsinlər.

Yetim evlərində yaşı 18-i ötmüş əksər uşaqlar sonradan küçəyə taleyin ümidinə atılır, sonrası da ya zindan, ya metro keçidləri… və fəlakətlər.

Niyə polis bölmələri bu insanların yeni həyata başlamaları üçün yardımçı olmurlar? Küçədə həmin aç yetim evinin uşağı kiminsə çantasını alıb qaçanda tutub cəza veririk, lakin səbəini araşdırmırıq. Həmin o səbəbi aradan götürmək, o yetimə yataqxanada ev yer vermək və işlə təmin etmək lazımdır. Bütövlükdə isə bizim Müstəqil Azərbaycanımıza Ordu haqqında, Gənclər haqqında yeni doktrina və proqram lazımdır.

…Yox, yox!!! Deməyin ki, bu kapitalizmdir. Əsla. Biz ki, varlı bir dövlətin varisləriyik. Hamımızın firavan yaşamaq haqqımızdır. Cənab məmurlar, qanunyazanlar, elə işləyin, qanunları elə yazın ki, hər kəs Konstitusiyamızda yazılanlardan bəhrələnə bilsin!!! Pozmayın mizan tərəzini!!! Tanrı öz haqqını bağışlamaz!!!

AzNews.az