Orxan Zeynalovun həbs müddəti uzadıldı- Yenilənib

9 Dekabr 2013 14:08 (UTC+04:00)
Bu gün Moskvanın Presnensk Rayon Məhkəməsində Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs müddətinin uzadılması barədə vəsatətə baxılıb.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, hakim Tatyana Vasyuçenko 25 yaşlı Yeqor Şerbakovun təqsirləndirilən Orxan Zeynalovun həbs müddətinin aprelin 10-dək uzadılması barədə istintaq orqanının vəsatətini təmin edib.

Müstəntiq qərarını müttəhimin telefon danışıqlarının yoxlanması, dörd şahidin yerinin müəyyənləşdirilməsi və ekspertizanın nəticələrinin alınması zərurəti ilə izah edib: "İstintaq müddətində azadlığa buraxılacağı təqdirdə, Orxan Zeynalovun qaçıb gizlənməsi ehtimalı böyükdür. Çünki o, başqa ölkənin vətəndaşıdır".

Orxan Zeynalovun vəkil vəsatətə etiraz edib və etirazını müdafiə etdiyi şəxsin saxlanılarkən zorakılıqla üzləşməsi ilə əlaqələndirib. Müstəntiq bu məsələ ilə bağlı araşdırmaların aparıldığını, lakin hələlik nəticə əldə olunmadığını deyib.


***
12:50
Bu gün Moskvanın Presnensk Rayon Məhkəməsi Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs müddətinin uzadılması barədə vəsatətə baxacaq.

APA-nın xəbərinə görə, bu barədə məhkəmənin mətbuat katibi Nina Yurkova açıqlama verib.

Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub.

Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və "skinhed"lər Qərbi Biryulevo rayonunda yerləşən "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər.

Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. "Skinhed"lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini etiraf edib.

AzNews.az